“Düşünürəm ki, daha böyük arenalar üçün nəinki vaxt çatıb, hətta vaxt ötüb”

Bakı idman sarayında güləş üzrə U-23 Avropa çempionatında bu gün daha 5 çəkidə mükafatçılara aydınlıq gəldi. “Klassiklər”in rəqabətində 82 kq-da Qurban Qurbanov finalda İslam Əliyevi (AİN) 8:2 üstələdi. Allsport.az saytına onun qələbə təəssüratı belə oldu:

“Ötən il bu yarışda 72 kq-da 1-ci yer tutmuşdum. Bu dəfə daha ağır çəkidə mübarizə apardım. Təbii ki, bu da çətinlik yaradır. Yenisinə uyğunlaşmaq üçün vaxt lazımdır. Çünki rəqiblər fərqlidir, onlar dəyişir. Belədə, sən də dəyişməyə məcbursan.

82 kq-da oturuşmuş güləşçilər vardı. Gəlib onlardan qızıl medalı almaq asan deyil. Bütün hisslər müvəqqətidir, sevinc də həmçinin. Artıq növbəti yarışlara köklənmək lazımdır. Düşünürəm ki, daha böyük arenalar üçün nəinki vaxt çatıb, hətta vaxt ötüb.   

Məşqçilərə inanırıq, onlara təşəkkürümü bildirirəm. Başda şəxsi məşqçim Turac Hüseynli olmaqla. Finalda rəqibin kobudluğunu adi qiymətləndirirəm. Ola bilsin, hislərini cilovlaya bilməyib. İdmanda normal haldır. Hakimlər bunu gördü və anında reaksiya verdilər”.

Həmin kateqoriyadan