Elçin Cəfərov: “Bu nəticələrin davamı gələcək”

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında tarixi uğura imza ataraq komanda hesabında birinci yeri tutan yunan-Roma güləşi üzrə millimiz bu gün Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, dörd qızıl və üç bürünc medalla Avropa çempionu olan yığmamız Heydər Əliyev beynəlxalq aeroportunda böyük coşğuyla qarşılanıb.

Azərbaycan güləş federasiyasının vitse-prezidenti Elçin Cəfərov komandanın qitə birinciliyində çıxışı haqqında bunu deyib:


“Avropa çempionatında yığma komandamız 4 qızıl və 3 bürünc medal qazanaraq birinci yeri tutdu. Bu, çox fərəhli nəticədir. İnanıram ki, bu idmançılarımız bir ay sonra Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında da ölkəmizin şərəfini qoruyacaqlar. Azərbaycan güləş federasiyası adından məşqçilərimizi və idmançılarımızı, eləcə də onların klub və cəmiyyətlərdəki məşqçilərini təbrik edirəm. Bu, çox yüksək nəticədir. Bu nəticələrin davamı gələcək. Bildiyiniz kimi, bu il ən əsas yarış Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarıdır. İki yunan-Roma güləşçimiz Olimpiadada mübarizə aparacaq. Onların olimpiadada uğurlu çıxış edəcəyinə inanıram. Böyüməkdə olan yeniyetmə və gənclər də onlardan nümunə götürəcək”.

Həmin kateqoriyadan