Elçin Cəfərov: “Medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar”

Romada qitə çempionatında tarixi uğura yetişən yunan-Roma güləş millimiz bu gecə vətənə qayıdıb. Allsport.az xəbər verir ki, 2 qızıl, 4 bürünc medalla ən məhsuldar nəticə edərək komanda hesabında 2-ci yeri tutan yığmanı hava limanında güləş federasiyasının rəhbər şəxsləri, məşqçilər, güləşçilər, yığma üzvlərinin yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıblar. AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını belə şərh edib:

“Güləşçilərimizin çıxışından çox razıyam. Xüsusən də gənc Sənan Süleymanovla tanınmış güləşçimiz Rafiq Hüseynovu qeyd etmək istərdim. Bütün idman ictimaiyyətinə belə diqqətə görə federasiyamız adından minnətdarlığımı bildirirəm. Ölkə prezidenti İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təbriklərinə görə təşəkkür edirəm.

Bu, hamımızı çox sevindirdi. Hesab edirəm ki, bu, idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir. Güləşçiləri qarşıladığınıza və verdiyiniz dəstəyə görə hamınıza federasiyamızın rəhbəri Namiq Əliyev adından minnətdarlığımı bildirirəm. Bundan sonra yığmamızı iki lisenziya turniri gözləyir. Bu yarışlara hazırlığımızı davam etdirəcəyik. Təbii ki, medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar. Çalışacağıq ki, Tokio Olimpiadasına nəzərdə tutulan lisenziyaları əldə edək”.

Avropa çempionatında Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb. Millimiz 116 xalla komanda hesabında 2-ci yeri tutub.

Həmin kateqoriyadan