Elçin Orucov: “Neftçi” voleybol klubu qızıl medallara iddialıdır

Ölkəmizdə bədən tərbiyəsinə göstərilən böyük qayğı əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini ilbəil artırıb. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1998-ci ildən başlayaraq, iki ildən bir keçirilən yeniyetmələrin respublika oyunları idmanın həm bölgələrdə inkişafı, həm də kütləviliyi baxımından yeni mərhələnin əsasını qoyub. Ölkə başçısının ilk oyunlarda irəli sürdüyü “Qoy güclü qalib gəlsin!” arzu-şüarı çox keçmədən bütün yarışlarımızın əsas şüarına çevrilib. Dövlətimizin idman siyasətini daim diqqət mərkəzində saxlayan “Neftçi İdman Klubu”, bu sahənin tələb olunan səviyyəyə çatdırılması istiqamətində ciddi iş aparır.

Elə bunun nəticəsidir ki, dünyada pandemiyanın hökm sürməsinə və bir çox yarışların təxirə salınmasına rəğmən, ictimai birliyin idmançıları 2021-ci ildə 248 medal qazanıblar. Onlardan 100-ü qızıl, 52-si gümüş, 96-sı bürüncdür. Ümumənsə, gənclər və idman nazirliyi tərəfindən 2007, 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə ardıcıl olaraq 7 dəfə, sonrakı illərdə  daha bir neçə dəfə “İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb. Sözsüz ki, sadalanan uğurlar uzun müddət “Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri, Əməkdar bədən tərbiyəsi və idman xadimi Sadıq Sadıqovun yorulmaz fəaliyyəti və gərgin əməyi ilə bağlıdır.

Bu gün biz ictimai birliyin nəzdində yaradılmış “Neftçi” voleybol klubundan söhbət açacağıq. Komanda daim kişilərin yüksək liqasında mübarizə aparır. Ümumilikdə, 15 ildir ölkə çempionatında mübarizə aparır. Klub yığmanın bazası rolunu oynayır. Emin Alışanov, Aqil Ağazadə, Vadim Kutukov, Tural Həsənli, Emin Abdullayev və Cavid Süleymanov millinin üzvlərdir. Azərbaycanın məşhur idman geyim brendi “İl’Azero”nun təsisçisi və  yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyev “Neftçi”nin toppaylayıcısıdır.

Klubun baş məşqçisi Elçin Orucov allsport.az saytına verdiyi açıqlamada dedi ki, hər il olduğu kimi, bu dəfə də qızıl medallara iddialıdırlar: “2 aydır komandamız Biləcəridə yerləşən voleybol bazasında məşq edir. Heyətdə ovqat yüksəkdir. Sadıq müəllim daim işin gedişi ilə maraqlanır, öz tövsiyyəsini verir və dəstəyini göstərir. O, milli məsələdə həssasdır. İstəyirik ki, yerli oyunçuları qoruyaq və onlar yığma ilə beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil etsinlər. Məqsədimiz bu il çempion olmaqdır”.

Həmin kateqoriyadan