Avropa çempionlarımız vətənə qayıdıb

Allsporta.z xəbər verir ki, İspaniyada tarixi uğura imza ataraq 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edən və 144 xalla komanda hesabında Avropa çempionu olan yığmanı Heydər Əliyev beynəlxalq aeroportunda gənclər və idman nazirliyinin, Azərbaycan güləş federasiyasının rəsmiləri, məşqçilər, idmançılar, güləşçilərin ailə üzvləri qarşılayıb.

Yarışlar haqqında danışan Avropa çempionu Elmir Əliyev belə deyib:

“Daha öncə 60 kq-da güləşirdim. Məşqçilərimizlə məsləhətləşdim, 55 kq-da daha yaxşı çıxış edəcəyimi dedilər. Bu çəkidə daha rahat güləşdim. Çempionluq duyğusunu yaşayan bilər. Çox gözəldir. Xüsusən yarımfinalda erməni güləşçiyə qalib gəlməyim sevindirici oldu. Bir az gərginlik var idi. Ancaq yüksək səviyyədə hazırlıq keçməyimiz öz sözünü dedi. Dünya çempionatında daha güclü rəqiblərlə qarşılaşacağam. Federasiya rəhbərliyinə təşəkkür edirəm. Qələbəmi valideynimə və məşqçilərimizə həsr edirəm”.

Avropa çempionu Ruslan Nurullayev isə himnimizi səsləndirməkdən qürur duyduğunu deyib:

“İlk öncə üstümüzdə əziyyəti olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Federasiyanın dəstəyi, məşqçilərimizin rəhbərliyi altında yüksək səviyyədə təlim-məşq toplanışları keçdik. Avropa çempionatına ən yaxşı hazırlaşan komanda biz idik və bunu da sübut etdik. İnşallah, dünya çempionatında qələbənin davamını gətirərik. Yarımfinalda Avropa və dünya mükafatçısı olmuş Ukrayna idmançısıyla ağır görüş keçirdim. Mənim üçün əsl final həmin qarşılaşma oldu. Son görüşdə macar güləşçi çətin rəqib olmasa da, finala məsuliyyətlə yanaşırdım. Ehtiyatı qorumaq lazım idi. Himnimizi səsləndirmək bütün idmançıların arzusudur. Atam məni zirvələrdə görməyi arzulayırdı. Ümid edirəm ki, məni görür və ruhu şad olur”.

Həmin kateqoriyadan