“Ermənilərin qənimi” ilə “Neftçi İdman Klubu” arasında ixtilaf

Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Rəsul Çunayev “Neftçi İdman Klubu”ndan ayrılıb. Buna səbəb ona qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsidir. Sadıq Sadıqovun rəhbəri olduğu “Neftçi”dən olimpiya mükafatçısına “bu gün-sabah” deyilsə də, vədə əməl edən olmayıb. Aldadıldığını görən “şirürəkli” üzv olduğu klubdan ayrılmağa qərar verib. Bunu yenicag.az-a Bakı-2015-in qalibi deyib. Ehtimala görə, söhbət Rio-2016 və İslam oyunlarından gedir. Adı çəkilən mötəbər tədbirlərdə o, 3-cü yerləri tutub. Amma Sadıq Sadıqovun müşaviri olmuş Cüdo federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumatı təkzib edib. Allsport.az saytı xəbər verir ki, həmkarımız Rəsul Çunayevlə bağlı şəxsi “Facebook” səhifəsində bunu yazıb:

“Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi “Neftçi İdman Klubu” haqqında mətbuata yalan açıqlama verib. Guya ki, ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay “Neftçi”dən 2 min manat əməkhaqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb. Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyin barədə nəsə deyə bilmərəm, amma “Neftçi İdman Klubu” “cocuq” vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!”

Qeyd edək ki, Rəsul Çunayev müxtəlif yaş qrupu üzrə yunan-Roma güləş yarışında böyük uğurlar qazanıb. Sevincini xalça üzərində özünəməxsus şəkildə, avar rəqsini oynamaqla, ilk dəfə o göstərib. İdmançının dünyaca məşhur hərəkəti erməni rəqibləri üzərində qələbədən sonra “əsgər salamı” verməsidir. Uzun müddət “Neftçi”nin üzvü olan bahadır klubun adını daim uca edib. Sadıq Sadıqova gəlincə, o, “Neftçi İdman Klubu”nun prezdenti olmayla yanaşı, Cüdo federasiyasının vitse-prezidentidir.

Həmin kateqoriyadan