Esra Məmmədli Avropa çempionatında gümüş medal qazandı

Allsport.az xəbər verir ki, Macarıstanın Kaposvar şəhərində güləş üzrə U-15 Avropa çempionatı start götürüb.

İlk yarış günündə qızlar mübarizəyə başlayıb.

Əfsanə İslamova (39 kq) təsnifat mərhələsində Lara Blazekoviçə “tuş”la məğlub olub.

Nəzrin Əhmədli (42 kq) polşalı Nina Mayşraka 5:4, rumıniyalı Elektra Qarayakuya isə 8:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Nəzrin finalın bir addımlığında rusiyalı Yelizaveta Krılovaya “tuş”la uduzub. Əhmədli bürünc medal uğrunda yunanıstanlı Mariya Qkikayla mübarizədən məğlub ayrılıb – 0:8.

Esra Məmmədli (46 kq) xorvatiyalı Ayla Kadriyiyə və rumıniyalı Orsolya Soverə “tuş”la qalib gəlib. Məmmədli daha sonra rusiyalı Polina Boçkarevanı 3:2 hesabıyla üstələyərək yarımfinala yüksəlib. Esra belaruslu Ella Sudkoya tam üstünlüklə (10:0) qalib gəlib. Məmmədli finalda macarıstanlı Mariya Jitovozla güləşib. Rəqibinə 0:7 hesabıyla uduzan Esra gümüş medal qazanıb və qadın güləşi üzrə U-15 Avropa çempionatlarında ilk medal qazanan idmançımız kimi adını tarixə yazdırıb.

Fidan Babayeva (58 kq) təsnifat mərhələsində macarıstanlı Sofi Ritterə müqavimət göstərə bilməyib – 0:10. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz mübarizəni davam etdirmək şansı qazanıb. Ancaq Babayeva təsəlliverici görüşdə rusiyalı Liliya Yermoxinaya “tuş”la uduzub.

Milana Bağırzadə (62 kq) 1/4 finalda macarıstanlı Reka Bereçkiyə 0:3 hesabıyla uduzub.

Həmin kateqoriyadan