Fərid Qayıbov qalib idmançılarla görüşüb

Noyabrın 1-də gənclər və idman naziri Fərid Qayıbov, sentyabr-oktyabr aylarında qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, tədbirin əvvəlində nazirliyin kollegiya qərarı ilə “Əməkdar məşqçi” fəxri adına və “İdman ustası” dərəcəsinə layiq görülmüş bəzi mütəxəssislərə və idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edilib. Sonra beynəlxalq yarışlarda uğurlu çıxışları əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə idmançıları salamlayan nazir onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Bildirib ki, son vaxtlar belə görüşlər ənənə halını alıb. Sevindirici haldır ki, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin sayı günbəgün artmaqdadır.

Sumo, atıcılıq, karate, MMA, para-pauerliftinq, boks, taekvondo, kikboks, cüdo, qrapplinq, mas-reslinq, kəmər güləşi, uşu-sanda, stolüstü tennis, şahmat, qol güləşi, para-taekvondo, güləş, ağırlıqqaldırma və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar və qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlığı və uğurları barədə danışıblar.

Həmin kateqoriyadan