Faiq Qarayev: Voleybolda durum ağırdır. Belə çalışa bilmərəm, ad-sanım var, federasiyadan gedirəm

“Eyni şeyi hər dəfə danışmaq istəmirəm. Bugünkü vəziyyəti yaxşı bilirsiniz. Maliyyə yox dərəcəsinsədir, klublar bağlanıb. Rəhbərliklə söhbətimizdə, bu barədə ürək ağrısı ilə danışmışam. Ölkədə voleybol çox sevilir. İstər SSRİ dönəmində, istərsə də müstəqillikdə, uğurumuz çox olub. Azərbaycan çempionatı dünya reytinqində yüksəkdə dayanırdı. Qadın komandalarımız dünya və Avropa çempionatlarının finallarında oynayıb, “Rabitə” klublar arasında dünya çempionu olub. Cağırış kubokunda finalda 2 Azərbaycan komandası üz-üzə gəlib. Bu gün isə, durun acınacaqlıdır. Buna biganə qala bilməzdim. Nazirlərlə görüşdüm, cənab prezidentə də məlumat verdim”.

Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan voleybol federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev media ilə görüşdə dedi. O bildirdi ki, klub rəhbərləri ilə görüş heç bir nəticə verməyib, rəhbərlik ancaq 1 kişi və 1 qadın klub saxlamağa razılıq verib: “Cavid Qurbanovla da görüşmüşəm. 1 kişi və 1 qadın klubu ilə nə edə bilərik? Mən voleybola həyatımı vermişəm. İndiki vəziyyəti görəndə, çox pis oluram. Belə işləyə bilmərəm, federasiyadan gedirəm. Onsuz da pandemiyadan sonra bərpa lazımdır. Bununla əlaqədar, bir müddət ölkədə olmayacağam.

Mənim yerim siyasət deyil, idman zalıdır. Yenə gənc məşqçilər yetişdirməli, məsləhətçi işləməliyəm. Klub olmayandan sonra oyunçular, məşçilər nə etsinlər, harada çalışsınlar? Onlar da dolanmalıdır. Bu işi düzgün qurmaq lazımdır ki, davamlı olsun. İdman – sosial, milli məsələdir. Buna hamı can yandırmalıdır. Voleybola yenə maraq yaratmalıdırlar. Ümumiyyətlə, söhbət bütün idman növlərindən gedir. Yuxarıdan göstəriş verilməli, 4-illik proqram hazırlanmalıdır. Mənim adım-sanım var. 2 klubla necə işləyim?”

Həmin kateqoriyadan