Firdovsi Umudov: “Çalışacağıq ki, layiqli nəticə qazanaq və xalqımızı sevindirək”

Xəbər verdiyimiz kimi, 11-12 apreldə ABŞ-ın Los Anceles şəhərində sərbəst güləş üzrə Dünya Kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak edəcək milli komandamızın üzvləri artıq okeanın o tayındadır. Los Anceles hava limanında yığmamızın üzvlərini orada yaşayan həmyerlilərimiz və konsulluğun rəsmiləri qarşılayıb.

Yığmamızın üzvləri onlar üçün ayrılmış oteldə yerləşdikdən sonra gündə 2 dəfədən ibarət olmaqla məşqlərini davam etdirir. Yığma komandanın böyük məşqçisi Firdovsi Umudov güləşçilərin əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib:

“Yarış gününə qədər məşqlərimizi burada davam etdiririk. İdmançıların iqlim şəraitinə və vaxt rejiminə uyğunlaşa bilməsi üçün bir neçə gün əvvəl gəldik. Federasiyamız tərəfindən burada hazırlığımız üçün lazımi bütün işlər görülüb. Komandamız hazır vəziyyətdədir. Çalışacağıq ki, layiqli nəticə qazanaq və xalqımızı sevindirək”.

Xatırladaq ki, Azərbaycan yığması Dünya Kuboku yarışlarında “B” qrupunda İran, Belarus və Türkiyə yığmaları ilə mübarizə aparacaq.

Həmin kateqoriyadan