Firdovsi Umudov: “Qarşıda bizi güclü yarışlar gözləyir”

ABŞ-ın Los Anceles şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan milli komandamızın üzvləri Vətənə qayıdıblar. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma komandanın məşqçiləri və idmançılar yarış haqqında təəssüratlarını bölüşüblər. Yığma komandanın böyük məşqçisi Firdovsi Umudov bahadırlarımızın çıxışını qənaətbəxş hesab edib:

“Komandamız yaxşı hazırlaşmışdı. Güləşçilərin ümumilikdə çıxışını qənaətbəxş hesab edirəm. Çox güclü komandalar içərisində yığmamız ilk üçlükdə yer aldı və bürünc medal qazandı. Bu da dövlətimizin uğuru, şəxsən cənab prezidentimizin idmana və idmançılara göstərdiyi diqqət və qayğının təzahürüdür. İdmançılarımız hər zaman dünya miqyaslı yarışlarda öz sözlərini deyirlər.

Mən fürsətdən istifadə edərək, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, məşqçilər korpusunun istəyinə uyğun olaraq idmançılarımızın mühitə uyğunlaşması məqsədilə yarışdan bir həftə öncə Los Ancelesə səfər üçün şərait yaratdılar. Hədəfimiz böyükdür. Qarşıda bizi güclü yarışlar gözləyir. Bir neçə gün sonra başlayacaq təlim-məşq toplanışlarında qüsurları aradan qaldırmaq üçün çalışacağıq.

Məşqlərdə hər zaman olduğu kimi bu dəfə də ümumi fiziki hazırlıq, xüsusi fiziki hazırlıq və nizam-intizam məsələlərinə diqqət ayıracağıq. İyun ayında ilk dəfə keçiriləcək Avropa Oyunlarında və sentyabrda Las Veqasda keçiriləcək lisenziya xarakterli dünya çempionatında uğurla çıxış edib, bütün güləş həvəskarlarını və Azərbaycan ictimaiyyətini sevindirəcəyik”.

Həmin kateqoriyadan