Gənc güləş komandalarımız Şəhidlər kubokunda 5-ci olub

Tehranda sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında Şəhidlər kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, komanda yarışında “klassiklər”də İranın 5 komandası ilə  yanaşı, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Liviya, Rusiya, Suriya, Türkiyə və Ermənistan mübarizə aparıblar. Dörd qrup üzrə keçirilən yarışda yığmamız Rusiya və Ermənistan komandaları ilə qarşılaşıb. Ermənistana qalib gələn yığmamız Rusiya ilə görüşü məğlub başa vurub. Daha sonra Gürcüstan güləşçilərinə də qalib gələn yığmamız 5-ci yer uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İran komandası ilə qarşılaşan güləşçilərimiz ümumi hesabda 6:4 qalib gəlib və turniri 5-ci sırada tamamlayıb.

Sərbəst güləş yarışlarında isə yığmamız Belarus və Ermənistan komandaları ilə bir qrupda mübarizə aparıb. Qrup görüşlərindən birini qalib gəlib, digərini uduzan güləşçilərimiz növbəti görüşdə Türkiyə yığmasını məğlub edib. Bu nəticəylə komandamız beşinci yer uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İran komandasına da 7:3 hesabı ilə qalib gələn sərbəst güləşçilərimiz turniri beşinci sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.

Həmin kateqoriyadan