Gimnastlarımız Minsk-2019-un sınaq yarışında uğurlu çıxış edib

2-ci Avropa oyunlarına hazırlıq məqsədilə gimnastika üzrə test yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, “Minsk arena”da keçirilən yarışlarda gimnastlarımız güclərini sınayıblar. Yalnız Belarus və Azərbaycan gimnastlarının çıxış etdikləri aerobikada bizimkilər öz proqramlarını uğurla başa vurublar.

İmran İmranov və Mədinə Mustafayeva qarışıq cütlüklərin çıxışında gümüş medal qazanıblar. Qrup komandalarının mübarizəsində Balaxanım Əhmədova, Mədinə Mustafayeva, İmran İmranov, Nərminə Hüseynova və Vladimir Dolmatov qızıl medal qazanıblar.

Akrobatikada Rusiya, Belarus, Polşa, Niderland və Azərbaycan gimnastları iştirak ediblər. İdmançılarımız test turnirini üç medalla başa vurublar. Yarışın final mərhələsində gimnastlarımız Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü çıxış etdikləri bütün proqramlarda gümüş medal qazanıblar.

İyunun 21-30-da keçiriləcək ikinci Avropa Oyunlarının gimnastika yarışlarında Azərbaycan bədii gimnastika, akrobatika, batut və idman gimnastikası üzrə təmsil olunacaq.

Həmin kateqoriyadan