Giorgi Edişeraşvili: Qızıl medalı yeni doğulan oğluma həsr edirəm

Dünən Serbiyanın Novı Sad şəhərində güləşçilərin Avropa çempionatı start götürdü. İlk yarış günündə sərbəst güləş millimiz uğurlu çıxış etdi – mübarizəyə başlayan hər 2 bahadırımız finala çıxdı. Bunlardan biri 57 kq-da Giorgi Edişeraşvili oldu. Bu mövsümdən komandamızla yola çıxan təcrübəli idmançı ikinci ciddi sınağında da etimadı doğrultdu. Qalib pəhləvanı sevinc anını allsport.az saytına bölüşdü:

«İranda keçirilən dünya kubokunda komanda hesabınla 3-cü olduq. Arzum bu idi ki, Avropa çempionatında da uğurlu çıxış edim. Allaha çox şükür, sonda istəyimə çatdım. Bu qələbə mənə xüsusi ovqat bəxş etdi, yaxın günlərdə oğlum dünyaya gəlib. Qızıl medalı ona həsr edirəm.

Qitə çempionatında 1-ci yer mənə öz çəkimdə möhkəmlənib gələcək yarışlarda da çıxış etmək imkan verəcək. Demək, uğurların davamını gətirə bilərəm. Bunun üçün çox çalışmalı, Firdovsi Umudov başda olmaqla, məşqçilər heyətinin tapşırıqlarını layiqincə yerinə yetirməliyəm».

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan