«Güləş sahəsində təcrübəni yarıda qoya bilməzdim»

AGF-in baş katibi Əjdər Cəfərov oxu.az-ın qonağı olub. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə, o, idman həyatından danışıb. 2 seçim qarşısında qalanda, Güləş federasiyasında fəaliyyətini polis işindən üstün sayıb və addımında yanılmadığını deyib:

«Mən polis olmaq istəmişəm. Hətta sənədlərimi DİN-ə vermişdim. Sonra elə oldu ki, mənim güləş sahəsində təcrübəm vardı və gənc idim. Bu təcrübəni yarıda qoya bilməzdim. Ən yaxşısı davam etmək idi və mən də sənədlərimi geri götürüb, öz yolumla davam etdim.

21 yaşım var idi, sənəd işləri ilə bağlı assistent idim. O vaxtlar Güləş federasiyasında həm tələbə idim, həm də təcrübə axtarışındaydım. Təbii ki, bu təcrübə mənim işimin əsas hissəsinə çevrildi. Yavaş-yavaş güləşdə işin incəliklərini öyrəndim. Daha sonra federasiya tərəfindən aparıcı mütəxəssis təyin olundum. Bir gəncə nə lazımdı?! Təbii ki, təcrübə. Və mən də bunu qazanırdım.

Məni 2007-ci ildə Avropaya hakimlik kursuna göndərdilər, bu işin hər incəliyini öyrənmək mənə çox maraqlı idi. Belə oldu ki, orda katib statusu aldım. 2008-ci ildə məni Hakimlər Kollegiyasının sədri təyin etdilər. 2008-2011-ci illər mənim üçün dönüş nöqtəsi oldu. 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin ilk olimpiya oyunlarında ədaləti qorudum.

2012-ci ildə London yay oyunlarını hakim olaraq idarə etdim, həmin ildə mənim 27 yaşım vardı, dünyanın ən gənc hakimi idim. 2008-ci ildə idman ustası adını aldım, 2012-ci ildə əməkdar məşqçi fəxri adına layiq görüldüm».

Həmin kateqoriyadan