4 qızıl və 3 bürünc medalla yunan-Roma güləş millimiz ilk dəfə Avropa çempionu oldu!

Bolqarıstanın Samokov şəhərində yeniyetmələrin Avropa çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyində tarixi uğura yetişib.

Məsul yarışda ölkəmizi 9 güləşçi təmsil edib ki, onların da 7-si fəxri kürsüyə qalxıb. Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) baş mükafata sahib çıxıblar. Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) 3-cü yeri tutub.

Beləliklə, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi ilə 4 qızıl və 3 bürünc medal qazanan yığmamız, 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionu olub!

Komandamız 10 çəkidən 9-da təmsil olunmasına baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı isə 43 xal qabaqlayıb.

Görüşlərin idarə olunmasında 2 dərəcəli beynəlxalq hakimlərimiz – Zaur ŞərifovTural Əliyev yer alıblar.

Həmin kateqoriyadan