Bahadırlar olimpiadaya vəsiqəni Bakıda qazanacaq

Allsport.az xəbər verir ki, bu gün dünya güləş birliyinin (UWW) icraiyyə komitəsinin iclası keçirilib. Tədbirin yekununda gələn il lisenziya turnirlərini təşkil edəcək şəhərlər müəyyənləşib.

Aprelin 4-dən 7-dək nəzərdə tutulan Avropa olimpiya təsnifat turnirinə namizədliyini irəli sürən şəhərlər Bakı, Tiflis, Roma, Skopye və Varşava idi. Yekunda paytaxtımız bu məsul yarışı keçirməyə haqq qazanıb. Beləliklə, apreldə Avropa güləşçiləri məhz Bakıda keçiriləcək yarışda hər olimpiya çəkisində 2 lisenziya uğrunda mübarizə aparacaq. Bu yarışın Milli gimnastika arenasında keçirilməsi nəzərdə tutulub.

İclasda qəbul edilən digər qərarlara əsasən, Pan-Amerikan təsnifat turniri 15-17 martda Akapulkoda (Meksika), Afrika-Okeaniya təsnifat turniri 22-24 martda Qahirədə (Misir), Asiya olimpiya təsnifat turniri isə 12-14 apreldə Bişkekdə (Qırğızıstan) baş tutacaq.

Bütün qitə təsnifat yarışlarında hər olimpiya çəkisində finalçılar Paris-2024-də iştirak hüququ qazanacaq. Yalnız son lisenziya yarışı sayılan dünya olimpiya təsnifat turnirində hər çəkidə 3 idmançı olimpiadaya vəsiqə əldə edəcək. Bu yarış mayın 9-dan 12-dək İstanbulda keçiriləcək.

Xatırladaq ki, güləşdə ilk lisenziya yarışı bu il 16-24 sentyabrda Serbiyanın paytaxtı Belqradda dünya çempionatıdır. Hər olimpiya çəkisində ilk 5 güləşçi “dördilliy”ə vəsiqə qazanacaq. Ümumilikdə DÇ-də 90, qitə təsnifat turnirlərində 144 (hər birində 36), nəhayət dünya təsnifat turnirində 54 olimpiya vəsiqəsi öz sahibini tapacaq.

Həmin kateqoriyadan