Güləşçilərimiz Avropa çempionatını 5 medalla başa vurdular

Güləşçilərimiz Avropa çempionatını 5 medalla başa vurdular

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatına yekun vurulub.

Allsport.az xəbər verir ki, yarışın son günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.

61 kq-da çıxış edən Camal Abbasov finalda rusiyalı Usman İndirbayevə 2:13 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib. 74 kq-da mübarizə aparan Nurlan Ağazadə isə həlledici görüşdə Almaniya təmsilçisi Manuel Vaqinə 2:4 hesabı ilə məğlub olub və yarışı ikinci pillədə başa vurub.

86 kq çəki dərəcəsində Məhəmməd Abbaszadə bürünc medal uğrunda görüşdə israilli Tomer Drojnyakı 7:1 hesabı ilə məğlub edərək fəxri kürsüyə yüksəlib.

92 kq-da Hüseyn Məmmədtağızadə bürünc medal qarşılaşmasında gürcüstanlı Sandro Kuraşviliyə 1:12 hesabı ilə uduzub.

125 kq çəki dərəcəsində Yusif Dursunov finalda rusiyalı Soslan Qabuyevlə qarşılaşıb. Görüşün əvvəlində 0:3 hesabı ilə geridə olan güləşçimiz əzmkar geridönüş edərək 4:3 hesablı qələbə qazanıb və U-20 Avropa çempionu adına layiq görülüb.

Həmin kateqoriyadan