Güləşçilərimiz ilin ilk reytinq turnirində

Sabah Türkiyədə ilin güləş üzrə ilk reytinq turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, İstanbulda Yaşar Doğu, Həmid Qaplan və Vəhbi Əmrənin xatirəsinə hər 3 növ üzrə komandamız mübarizə aparacaq.

Yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanovla böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi ilə İbrahim Nurullayev (55 kq), Eldəniz Əzizli (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə (hər ikisi – 82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev, Arif Niftullayev (97 kq) və Beka Kandelaki (130 kq) çıxış edəcəklər.

Qadınlarda baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) uğur qazanmağa çalışacaqlar.

Məşqçilər Arif Abdullayevlə Rövşən Hacıyevin rəhbərliyi ilə İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Soslan Tigiyev (74 kq), Hacımurad Ömərov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (97 kq) sərbəst güləşdə mübarizə aparacaq.

Fevralın 27-dək davam edəcək reytinq turnirində beynəlxalq dərəcəli hakimlərimizdən Sədi Quliyev və Natiq Hacıyev ədaləti qoruyacaqlar.

Həmin kateqoriyadan