LAYİHƏ
Güləşçilərimiz Rio-2016 ərəfəsində: kimlər qızıl medala daha şanslıdırlar

Təhlil

ABŞ prezidenti Con Kennedi dövlətin nüfuzunun iki şeylə ölçüldüyünü deyirdi: biri – kosmik raketlər, digəri – olimpiya qızıl medalları. Biz ikinci yoldayıq. Çünki idman ölkə siyasətinin ayrılmaz bir hissəsidir və o da həqiqətdir ki, idman uğurları, rekordları çox vaxt tarixi baxımdan nisbətən qısaömürlü olsalar da, dərhal, qazanıldıqları andan dillərə düşür, sahiblərinin və onların təmsil etdikləri ölkələrin adını dilə-dişə salır, məşhurlaşdırır, dünyada tanıdır. Azərbaycan güləşi bu yolun ayrılmaz, deyərdim ki, lider tərkib hissəsidir: dünyanın hər yerində, hər bir idman meydanında dövlət himnimiz səslənir, milli bayrağımız qaldırılır.
Güləşçilərimizin uğurları, tək tarixdə yeni səhifələr açılması baxımından əhəmiyyətli hadisə deyil. Bütün idman növlərində olduğu kimi böyük nailiyyətlərin özünün də hər 4 ildən bir böyük sınaq meydanı var. Təbii ki, bu da olimpiya oyunlarıdır. Azərbaycanda tarixi ənənələri olan bir növün üzərinə isə bu mənada böyük yük düşür. Hər dəfə uğurdan söz düşəndə ilk növbədə bahadırlarımızın adları çəkilir. Üstəlik, pəhləvanlarımız müstəqillik tarixində hər olimpiadada Vətənə uğur payı bəxş etməklə bunun əsassız olmadığını da göstəriblər. Digər yandan, olimpiya uğurları tək zəfər anı deyil. Bu, hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla inkişaf səviyyəsinin göstəricisidir.

Rio-2016-ya güləş komandalarımız daha titullu heyətlə yollanır: yunan-Roma güləşində ölkəmizi Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq); «sərbəstlər»də tam heyətlə – Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov və ya Nurməhəmməd Qacıyev (86 kq), Xetaq Qazyumov (97 kq), Camaləddin Məhəmmədov (125 kq); qadınlarda Mariya Stadnik (48 kq), Nataliya Snişin (53 kq) və Yuliya Ratkeviç (58 kq) təmsil edəcəklər.
Sırada 2 olimpiya çempionu ilə 4 mükafatçısı, eləcə də 1 2-qat və 6 dünya çempionu var. Millidə, cəmdə, çətin bir idmançı tapılar ki, o, ən mötəbər beynəlxalq arenalarda mükafat qazanmasın.
Hər mühüm yarış ərəfəsində mütəxəssislər və statistiklər öz ehtimallarını yürüdür, imkanları dəyərləndirirlər. Allsport.az-ın mülahizəsinə görə, Rioda hər 3 növdə Azərbaycan himni səslənə bilər, çünki komandalarımızın hər birində, ən azı, bir lider güləşçi var.

«Klassiklər»də qızıl medala şanslı Rövşən Bayramovla Rəsul Çunayevdir. Adı ilk çəkilən pəhləvan 2 dəfə buna yaxın olsa da, yekunda «gümüş»lə kifayətlənib. Onun təcrübəsi yetərincədir. Üstəlik, Rio-2016 Rövşən Bayramovun son olimpiadasıdır. Demək, zirvə üçün bütün imkanlarını səfərbər edəcək, daha ağıllı və ehtiyatlı olacaq.
Rəsul Çunayevə gəlincə, o, son illərdə sabit çıxışı, parlaq qələbələri ilə çoxlarında bu inamı qazanıb. Onun başqa keyfiyyəti, psixoloji yüksək, qorxmaz və xarakterli olmasındadır.
Sərbəst güləş millimizin okeanın o tayına yollanacaq heyətində 2 olimpiya çempionu var: Toğrul Əsgərov və Şərif Şərifov. Hər 2 idmançı müsahibələrində deyiblər ki, onların hədəfi London-2012-də göstərdikləri hünəri Rioda da təkrarlamaqdır. Karyerasının qürub çağını yaşan Xetaq Qazyumovun da məqsədi eynidir. Son 2 olimpiadalarda bürünc medal qazanan kapitanın nəticəsi, əslində gücünə, təvazökarlığına, insanlığına və təcrübəsinə görə ona yaraşmırdı.
Gənc Hacı Əliyevə də ümidlər böyükdür. Son 2 dünya çempionatının qalibi titula hərisdir. Bu, onun gənc və çılğınlığından irəli gəlir. Onda olan digər müsbət məqam, özünü «ulduz xəstəliyi»ndən qorumasıdır.

Qadın güləşimizin aşkar lideri Mariya Stadnik olimpiya oyunlarında 2 dəfə fərqlənib. Bu dəfə qızıl mükafata yetişsə, medallarının sayını dəst edəcək; üstəlik, aşağıdan-yuxarı nəticəsini yaxşılaşdırmaqla, idman salnaməsində xüsusi iz qoyacaq. Uğurda həmişə komanda yoldaşına dəstək verən Yuliya Ratkeviç, öz növbəsində, olimpiya sevincini dadıb. O, Dumanlı Albionda 3-cü yer tutub. Finala qədər irəliləsə, o da himnimizi səsləndirə bilər. Çünki güləşçimiz finalda uduzmağı elə də sevmir. Onun dünya çempionatlarında komanda üzvləri arasında ən çox, 5 dəfə fərqlənməsi də Rioda işinə yaraya bilər.
Digər güləşçilərimizin adlarını çəkməməyim, heç də onlara güvənməməyimdən irəli gəlmir. Olimpiya oyunları sensasiyalarla zəngindir. Bu üzdən, 14 idmançımızın hamısından uğur, özəlliklə, qızıl medal gözləməyə dəyər.
Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu uğurların imtahan məqamı isə 14-21 avqustda qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, Rio oyunları deyəcək. Demək, hələ görüləsi işlər də var, fəth olunası zirvələr də.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan