Gürcüstan voleybol federasiyasının prezidenti Bakıda

Gürcüstan voleybol federasiyasının prezidenti İrakli Çaçua Azərbaycana gəlib. Allsport.az xəbər verir ki, onun Bakıya səfərində məqsəd yerli komandalarının Azərbaycan çempionatlarında iştirakını canlı izləməkdir.

Qonşu ölkə təmsilçiləri fevralın 18-21-də super liqada və yüksək liqada I dövrənin görüşlərini keçirəcəklər.

GVF rəhbəri komandalarının çempionatımızda mübarizəsi barədə fikirlərini bölüşüb:

“Əvvəlki illərdə yalnız qadınlardan ibarət komandamız çempionatda iştirak edirdisə, bu mövsümdən kişilər arasında Azərbaycan çempionatında təmsil olunuruq. Belə gözəl şəraiti yaratdıqları üçün Azərbaycan voleybol federasiyasının rəhbərliyinə təşəkkür edirəm. İnanıram ki, dostluq münasibətlərimiz daha da genişlənəcək və hər iki ölkə böyük uğurlar qazanacaq.

Bu mövsüm qadınlar arasında keçirilən Azərbaycan Super Liqasının bir neçə oyunu Gürcüstanda keçiriləcək. Biz hər zaman Azərbaycan komandalarını ölkəmizdə qarşılamağa hazırıq.

Ölkə çempionatı bitdikdən sonra da iki federasiya arasında əməkdaşlığımızı davam etdirəcəyik. Bu, milli komandalarımızın beynəlxalq yarışlara daha yaxşı hazırlaşması üçün çox əlverişli olacaq. Düşünürəm ki, çempionat yekunlaşdıqdan sonra birgə təlim-məşq toplanışımız da olacaq. Buna isə mövsüm bitdikdən sonra aydınlıq gələcək”.

Həmin kateqoriyadan