Hacı Əliyev: Bu ili mənim üçün uğursuz söyləmək olmaz

Sərbəst güləş millimizin 65-kq-da öncülü Hacı Əliyev sportyakutia.ru-ya açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 3-qat dünya və 3-qat Avropa çempionu Yakutskda Dmitri Korkinin xatirə yarışında uğursuzluğu belə dəyərləndirib:

“Təəssüf ki, Yakutskda ən yaxşı güləşimi göstərə bilmədim. Yerli güləş həvəskarlarını razı sala bilmədiyim üçün məyusam. Bəhanə gətirmək istəmirəm, Qazaxıstanda keçirilən dünya çempionatında uğursuz çıxış etdim, daha sonra Dmitri Korkin turnirində məğlub oldum. Ardıcıl iki turnirdə uğursuzluqla üzləşdiyimi hələ xatırlamıram.

Rəşidovla görüşə toxunmayaq, Şarastepanovla qarşılaşmadan danışaq. Hesabda üstün idim, ancaq çox tez rahatlaşdım. Bəli, Daşa yaxşı güləşçidir, amma səhv etməsəydim, ona rahat qalib gələ bilərdim. O, son saniyələrdən məndən xal alarkən elə zənn etdim ki, vaxt bitib. Bu, mənim üçün yaxşı bir dərs olacaq. Deməli, hətta üçqat dünya çempionu da çox şey öyrənməlidir. Buna görə daha da səylə məşq etməlisiniz. Hərdən belə olur. Sən ardıcıl qələbə qazanırsan, hamı sənə yaxşı olduğunu deyir və tərif yağdırır. Və bütün bunlar səni rahatlaşdırır, hər şeyin yaxşı olduğunu düşünməyə məcbur edir.

Yakutskdakı turnir səhvlərimi göstərdi, hansı ki, onların üzərində işləməliyəm. İstənilən yarışdan – qələbə qazandığın və ya uduzduğun, fərqi yoxdur – faydalanmaq lazımdır.

Ancaq bu ilin mənim üçün uğursuz olduğunu söyləmək olmaz. Çünki bu il Avropa çempionu və Avropa oyunlarının qalibi oldum. Dünya çempionatındakı uğursuzluğu olimpiadada qələbəylə əvəzləyəcəyəm. Tokioda oyunlardan sonra isə mütləq Yakutskdakı növbəti Dmitri Korkin turnirində iştirak edəcəyəm. Sizə söz verirəm!

Həmin kateqoriyadan