Hacı Əliyev: “Bu məğlubiyyətə görə ən pis olan, ən çox fikir çəkən yenə də özüməm”

Sərbəst güləş millisinin öncülü Hacı Əliyev Budapeştdə qitə olimpiya təsnifatında çıxışı barədə fikirini bölüşüb. Allsport.az xəbər verir ki, 65 kq-da Tokio-2020-yə lisenziya qazanan 3-qat dünya və 3-qat Avropa çempionu yarışa tam hazır vəziyyətdə qatılmadığını qeyd edib:

“Sevinirəm ki, Tokio yay olimpiya oyunlarına lisenziya qazandım. Həqiqətən də, bu yarışda finala çıxmaq mənim üçün çox önəmli idi və bunu bacardım. Federasiyamız başda olmaqla, bütün zəhməti olan məşqçilərimə təşəkkür edirəm. Yarışdan iki ay öncə gözümdən ağır əməliyyat keçirmişdim və turnirə qatılmağım sual altında idi. Buna baxmayaraq, həkimlərin də məsləhəti ilə bu yarışa gəldim və mənə lazım olan işi gördüm. Qalibiyyət də, məğlubiyyət də Allahdandır. Bizlər sadəcə, mübarizə aparırıq. Mənə hər zaman dəstək olduğunuz üçün sizlərə təşəkkür edirəm”.

Hacı Əliyev finalda Ermənistan təmsilçisi Vazgen Tevanyana uduzmasından da danışıb: “Bilirəm ki, bu məğlubiyyət hər kəs üçün pis oldu. Amma inanin ki, ən pis olan, ən çox fikir çəkən yenə də özüməm. Olimpiadada görüşənədək. Allah mənə güc və səbr versin”.

Həmin kateqoriyadan