Hacı Əliyev: “Karyeramda tək olimpiada qızılı çatmır”

Güləşçimiz Hacı Əliyev (70 kq) olimpiadaya hazırlığı barədə danışıb. Allsport.az xəbər verir ki, o, “Polan Open” turnirində 3-cü olması barədə bunu deyib:

“70 kq-da güləşmək mənim üçün çətin oldu. İlk dəfə idi bu çəkidə güləşirdim. Fikrimcə, yaxşı nəticə göstərdim. Amma olimpiya oyunlarında öz çəkimdə güləşəcəyəm. “Poland Open”də 70 kq çəkidə iştirakımın olimpiada üçün heç bir təsiri olmayacaq. Əksinə, olimpiya oyunları öncəsi çəki salmamışam və gücümü ora saxlamışam. Mənim çəkimdə çox güclü idmançılar, dünya çempionları var. Heç birinə zəif deyə bilmərəm. Çünki ən güclü çəki 65 kq-dır”.

Karyerasında çatışmayan yeganə medal olimpiya qızılı olan güləşçi bunu əldə etmək üçün çox zəhmət çəkdiyini vurğulayıb: “Karyeramda bütün medallar var. Bircə olimpiadanın qızılı çatmır. Bu, bəlkə də, son fürsətimdir. Olimpiya oyunlarında bürünc medalım var. Amma bunu mütləq qızıl etmək lazımdır”.

Hacı Əliyev ən böyük dəstəkçilərinin ailəsi olduğunu deyib: “Bütün ailə üzvlərim – atam, anam, qardaşım, yoldaşım, övladlarım ən böyük dəstəkçilərimdir. Həmçinin məni tanıyan bütün qohum-əqrəbamdan, məşqçilərimdən də dəstək görürəm. Onlar mənim ən böyük azarkeşlərimdir”.

Həmin kateqoriyadan