Hakimlər və məşqçilər üçün seminar, 2 referiyə beynəlxalq dərəcəli vəsiqə

4-6 dekabrda sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün yarışın keçiriləcəyi “Sərhədçi” Olimpiya-İdman Mərkəzində hakimlərin seminarı baş tutub. AGF-nin baş katibi Orxan Məmmədov, vitse-prezident Elçin Cəfərov, hakimlər kollegiyasının sədri Qərib Əliyev, idman şöbəsinin müdiri Yaqub Məmmədov, eləcə də gənclər və idman nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazovun da qatıldığı tədbirin əvvəlində bu yaxınlarda beynəlxalq dərəcəli hakim ünvanına sahib çıxan Eldar MəmmədovXəyal Əliyevə müvafiq vəsiqələr təqdim olunub, onlara uğurlar arzulanıb.

Sonra çıxış edən Elçin Cəfərov görüşlərin idarəçiliyində hakimlərdən maksimum diqqətli olmağı, obyektivliyi qorumağı, o cümlədən çəki mərasimində qaydalara tam riayət etməyi tələb edib.
İclasın qalan hissəsində Qəribə Əliyev idarəçilik qaydaları ilə bağlı maarifləndirici məlumatları və son yenilikləri ədalət təmsilçilərinin diqqətinə çatdırıb. Ona bu işdə olimpiya kateqoriyalı hakim Hicran Şərifov yardımçı olub.

Daha sonra yunan-Roma güləşi üzrə məşqçilərin seminarı təşkil olunub. Elçin Cəfərov çıxış edərək klub və cəmiyyətlərdə çalışan mütəxəssislərə məsuliyyətli olmağı, güləşçilərə ciddi nəzarət etməyi, intizam kodekslərinə riayət etməyi qətiyyətlə tapşırıb. Sonda yığmamızın baş məşqçisi Aleksandr Tarakanov güləşçilərin çıxışını diqqətlə izləyəcəyini bildirməklə yanaşı, ən yaxşı pəhləvanların lisenziya yarışlarında ölkəmizi təmsil edəcəyini bildirib.

Həmin kateqoriyadan