“Heyətin 70-80 faizi gənclərdən ibarət olacaq”

Tatarıstanın paytaxtı Qazanda 6 qızıl, 4 gümüş və 6 bürünc medal qazanan güləşçilərimiz bu gün Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına beynəlxalq aeroportda komandalarımızın qarşılanma mərasimi olub. Sərbəst güləş üzrə millinin baş məşqçisi Namiq Abdullayev yarışın yekunə və gələcək plan barəsində bunu deyib:

“MDB oyunlarında 16 medal qazandıq. Bu, böyük uğurdur. Hər zaman qeyd olunur ki, gənclərimiz yetişməlidir, böyüklərdən ibarət yığma komandalara gənclər cəlb olunmalıdır. Bu il gənclər arasında keçirilən dünya və Avropa çempionatında hər 3 güləş növü üzrə millimiz medallar qazanıb, uğurlu çıxış edib. MDB Oyunlarında 20 və 23 yaşadək gənclərimiz yenə sözlərini dedilər və 16 dəfə bayrağımızı yüksəltdilər.

Oktyabrda Norveç paytaxtı Osloda dünya çempionatının hazırlıqlarına gənc güləşçilərimiz də cəlb ediləcək. Heyətin 70-80 faizi gənclərdən ibarət olacaq. Hacı Əliyev gözündəki, Şərif Şərifov isə çiynindəki zədəyə görə dünya çempionatında iştirak edə bilməyəcək. Onların çəkisində də gənclərə şans veriləcək.

Paris olimpiadasına az vaxt qalıb. İnanırıq ki, bu gənclər növbəti olimpiya oyunlarında öz sözlərini deyəcəklər. Milli olimpiya komitəsinə, gənclər və idman nazirliyinə və Azərbaycan güləş federasiyasına təşəkkürümü bildirirəm ki, idmançılarımız üçün lazım olan şəraiti yaradır və onlar da beynəlxalq arenalarda ümidləri doğruldur”.

Həmin kateqoriyadan