Hicran Şərifov: Qəbul etdiyim qərar ən yüksək qiymətə layiq görülüb

Braziliyada olimpiya oyunları sona çatmaq üzrədir. Sevindirici haldır ki, idmançılarımız xalqımızın ümidlərini doğruldurlar. Allsport.az saytı xəbər verir ki, medal gözlənilən idman növləri içərisində güləş hər zaman öndə yer alıb. İlk yarış günlərində yunan-Roma və qadın güləşçilərimiz artıq ölkəmizin hesabına 4 medal yazdırıblar. İnanırıq ki, sərbəst güləşçilərimiz mükafat estafetini son yarış gününədək davam etdirəcəklər.
Qələbə uğrunda mübarizə aparacaq pəhləvanlarımızla yanaşı, bu yarışlarda ədaləti qoruyanlar arasında İ-S dərəcəli hakim, London Olimpiadasında “Qızıl fit”lə mükafatlandırılmış Hicran Şərifov da yer alıb. Pekin-2008 və London-2012 olimpiadalarında ölkəmizi hakim kimi təmsil edən referi üçün XXXI Yay Olimpiya Oyunları 3-cü dəfə arbitrlik  etdiyi ən böyük idman tədbiridir. “Şöhrət” ordenli, Azərbaycanın olimpiya kateqoriyalı hakimi, əməkdar məşqçi Hicran Şərifovla əlaqə saxlayıb turnir, hakimliyin səviyyəsi və idmançılarımızın çıxışı barədə fikirlərini öyrəndik.

O qeyd edib ki, əvvəlki Olimpiya oyunlarında hakimlərə yaradılan sərbəstlik bu dəfə Rioda yoxdur: “Yarış vaxtı heç bir hakimə zalı tərk etməyə  icazə verilmir.   Güləş yarışları avqustun 14-dən start götürüb. Gündə 2 çəki dərəcəsində qaliblər müəyyənləşib. İlk yarış günündə 3 görüş idarə etmişdim ki, bunlardan 2-si 1/8 final, digəri isə 1/4 final mərhələsidir. Növbəti gün isə mənə 1-i təsnifat olmaqla, 1/8 final, 1/4 final mərhələlərinə aid və bürünc medal uğrunda güləşlər həvalə olunmuşdu. 17 avqust  tarixində isə 6 görüş idarə etmişdim ki, bunların biri final, digəri isə 3-cü yer uğrunda döyüşlər idi”.

Dünyanın ən yaxşı güləş hakimlərindən olan həmyerlimiz yaşadığı maraqlı bir məqamı da bizimlə bölüşdü: “Bir məsələni xüsusilə vurğulamaq istərdim. Demək olar ki, hər gün hakimlərin səhvlərə yol verdikləri əvvəlki günün video çarxları nümayiş olunur. Burada qeydə alınan səhvlər müzakirəyə çıxarılır, idarəçilikdə ciddi xətaya yol vermiş hakimlər tənqid olunur.  Bir gün 130 kq çəki dərəcəsində Rusiya və Estoniya təmsilçilərinin bürünc medal uğrunda idarə etdiyim görüşün video çarxının nümayiş ediləcəyini eşitdim. Öz-özümə dedim ki, yəqin nəsə səhvə yol vermişəm. Sıra mənim idarə etdiyim görüşə gəldikdə qeyd olundu ki, səhvlərlə yanaşı düzgün idarəçiliyi də vurğulamaq lazımdır. Həmin görüşdə bir fəndə verdiyim 5 xal marağa səbəb olmuşdu. Təhlil edildikdən sonra, qəbul etdiyim qərar ən yüksək qiymətə layiq görülüb. Bir anlıq bütün zalı alqış səsləri bürüdü. Artıq hamı məni təbrik edirdi ki, belə  seminarlarda tək hallarda yüksək qiymətlər verilir.  Təbii ki, bütün bunlar bizə dövlətin göstərdiyi diqqət və qayğısının əyani təzahürüdür. Bu dəstəyə görə bütün beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmək, dövlətimizə başucalığı gətirmək üçün əlimizdən gələni əsirgəmirik”.

Hicra Şərifov pəhləvanlarımızın çıxışına da münasibət bildirdi: “Yunan-Roma güləşində Azərbaycan Rəsul Çunayevdən qızıl medal gözləyirdi. Təəssüflər olsun ki, yarımfinalda parter vəziyyətində kiçik bir səhvə yol verməklə finala çıxmaq şansını itirdi. Burada yorğunluq da öz sözünü dedi. Çünki çox güclü pəhləvanlarla qarşılaşmışdı. Olimpiya çempionu olmuş rusiyalı İslambəy Albiyevə qalib gəldikdən sonra hamı Rəsuldan qızıl medal gözləyirdi. Bu idmandır. Qələbə də olur, məğlubiyyət də.…Belə psixoloji vəziyyətdə çıxıb bürünc medal qazanmaq isə nailiyyətdir. Qızıl medal ümidlərimizdən biri Mariya Stadnik bu turnirə çox yaxşı hazırlaşmışdı. Həqiqətən, hamı onun güləşinə heyran qalmışdı. Bütün zal onu favorit görürdü. Lakin qızıla 3 saniyə qalmış, yorğunluqdan yaranan ani bir səhv Mariyanı fəxri kürsünün ən yüksək pilləsinə yüksəlməkdən məhrum etdi. İnanırıq ki, sərbəst güləşçilərimiz hesabımızda çatmayan qızıl əyarlı medallar qazanaraq növbəti dəfə bizləri sevindirəcəklər”.

Elçin CƏFƏROV
“Azərbaycan”

Həmin kateqoriyadan