“İdmanı inhisarda saxlayanlar “Xarı Bülbül Şuşa”, “Xarı Bülbül Laçın”a mane olmaq üçün hər cür hərəkət aldılar”

7 fevralda ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, namizədlərdən Fazil Mustafa dünən efirə çıxib. O, çıxışında idman sahəsinə də biganə qalmayıb, bu günlərdə çıxışını dayandıran kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” voleybol klublarına dəstək verib:

“İlham Əliyev ali baş komandan kimi “Qarabağ Azərbaycandır!” hekayəsini Azərbaycan cəmiyyətinə təqdim elədi və cəmiyyət buna inanaraq Qarabağı azərbaycanlılaşdırdı. Eyni zamanda, müharibədən sonrakı dövrdə “Böyük qayıdış” hekayəsini təqdim elədi və cəmiyyət tərəfindən məhz mənimsədildiyinə görə, bu qayıdış baş tutdu.

Bu o deməkdir ki, biz “Qarabağ şikəstəsi”nin hüznündən Qarabağ möcüzəsinə gəlib çıxa bildik. İndi sevindiridir ki, bölgədə dost ölkələr də sərmayə qoyurlar.

Eyni zamanda, Qarabağ adı ilə yaradılan bir sıra məsələlər hələ məmurları alışdıra bilmədi. Bir çoxu düşüncə olaraq Qarabağa qayıda bilmirlər. Məcburi köçkünlər qayıdacaqlar, amma onların qayıdışı bir az çətin olacaq.

Təsəvvür edin, “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” adında voleybol komandaları yaradılıb. “İL`AZERO” şirkəti bunu maliyyələşdirir, Avropaya çıxarır; qızları, oğlanları buna cəlb edir, çempion edir. Sadəcə, idmanı inhisarda saxlamaq istəyənlər buna mane olmaq üçün hər cür hərəkət aldılar və bu komandalar yarışdan çıxmağa başlayırlar.

Axı biz Qarabağ adı ilə kim hansı təşəbbüsü göstərirsə, ona hamımız dəstək verməliyik ki, bu ad brendə çevrilsin. Necə ki, “Qarabağ” futbol klubu Azərbaycanın üzağardan brendidir. İndi də Şuşa, Laçın, bu adlarla ortaya çıxan, ona dəstək verən insanlara biz mane olmamalıyıq. Kömək etməsək də, onlara şərait yaratmalıyıq ki, bu işi davam etdirsinlər”.

Həmin kateqoriyadan