İlham Əliyev Dünya Kubokunu qazanmış milli komandamızın üzvlərini qəbul etdi

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib. Allsport.az xəbər verir ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qazanılmış yüksək qələbə münasibətilə idmançıları və Güləş Federasiyasının üzvlərini təbrik etdi. Prezident İlham Əliyev əldə edilən bu uğurları milli güləş məktəbinin yüksək zirvədə olmasının və Azərbaycan Güləş Federasiyasında işlərin səmərəli təşkilinin nəticəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, dünya və Avropa çempionatlarında, həmçinin olimpiya oyunlarında güləşçilərimizin əldə etdikləri uğurlar uşaqların və gənclərin idmanın Azərbaycanda ən çox sevilən bu növünə olan marağının daha da artmasına stimul verir.

Azərbaycanda idmanın inkişafına toxunan Prezident İlham Əliyev dünya idman ictimaiyyətinin də Azərbaycan idmanına verdiyi yüksək qiymətdən danışdı. Nüfuzlu beynəlxalq yarışlarda medalların sayının ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı ölkədə mükəmməl idman infrastrukturunun yaradılmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev idmanın dövlət siyasətində mühüm yer tutduğunu və bu sahənin inkişafı ilə bağlı müxtəlif proqramların ardıcıl olaraq qəbul edildiyini dedi.

Ölkəmizdə mötəbər idman tədbirlərinin yüksək səviyyədə keçirildiyini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakıda keçirilməsini beynəlxalq idman ictimaiyyətinin Azərbaycana idman ölkəsi kimi verdiyi önəmin nəticəsi kimi qiymətləndirdi.

Prezident İlham Əliyev qazanılan uğurların bir səbəbinin də ölkənin bütün idman qurumlarının birgə fəaliyyətindən ibarət olduğunu əsaslandırdı. Dövlətimizin başçısı dünyanın ən güclü güləşçilərinə qalib gələrək yunan-Roma güləşi üzrə dünya kubokunu qazanmalarının bütövlükdə idmançılarımızın komanda şəklində gücünün göstəricisi olduğunu vurğuladı. Prezident İlham Əliyev güləşçilərimizin İranda qazandıqları uğurları bu il Bakıda keçiriləcək Avropa Oyunlarında və gələn il Rio-de-Janeyroda baş tutacaq olimpiya oyunlarında da təkrar edəcəklərinə ümidvar olduğunu dedi.

Milli komandanın üzvü Rafiq Hüseynov və böyük məşqçi Nurəddin Rəcəbov qazanılan uğurların təməlində idmana dövlət qayğısının durduğunu söylədilər və buna görə də dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Prezident İlham Əliyev bildirdi ki, əldə edilən qələbələr Azərbaycan dövlətinin və xalqının gücünü göstərməklə yanaşı, həm də Azərbaycan gənclərinin istedadını və Vətənə sədaqətini bir daha nümayiş etdirdi.
Sonda xatirə şəkli çəkdirildi.

Həmin kateqoriyadan