Paytaxtımızda ilk dəfə bədii gimnastika üzrə qitələrarası hakimlik kursu

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının qitələrarası hakimlik kursu start götürüb. Allsport.az saytı xəbər verir ki, bədii gimnastika üzrə təşkil edilən kurslar yanvarın 21-dək davam edəcək. Tədbirin açılışında çıxış edən FIG-in birinci vitse-prezidenti Slava Korn, yüksək səviyyədə təşkilatçılığa görə AGF-ə minnətdarlığını ifadə edib. O, bu seminar status baxımından bütün olimpiya mərhələsini əhatə etditini bildirib.

AGF-nin baş katibi Fərid Qayıbov kursların uğurla keçəcəyinə əminliyini söyləyib. FIG beynəlxalq hakimlik kursunu hər olimpiya mərhələsində bir dəfə təşkil edir. Bu kurslar ən yüksək dərəcəli hakimlərin yetişdirilməsinə imkan yaradır və onlara status verir. Beynəlxalq yarışlarda iştirak hüququ qazanmaq istəyən hər bir hakim bu kurslarda iştirak etməlidir. Əks təqdirdə, həmin hakim olimpiya mərhələsindən kənarda qalır. Kursların nəticəsində isə onlar imtahan keçməklə müəyyən dərəcələrə yiyələnirlər.

Bu ilin ilk dörd ayında bütün gimnastika növləri üzrə kursların keçirilməsi nəzərdə tutulub. Bu kurslar olimpiya dövründə gimnastika növləri üzrə yalnız bir dəfə keçirilir və burada ən yüksək (birinci) hakimlik dərəcəsi verilir.

Bakıdakı kursda 48 ölkədən 101 nümayəndə təmsil olunur. Tədbirin ilk üç günündə nəzəri dərslər keçiriləcək və mühazirələr oxunacaq. Beş gün davam edəcək kursların son iki günündə isə imtahan olacaq. Bundan başqa, yanvarın 26-dan 30-dək paytaxtımızda bədii gimnastika üzrə beynəlxalq kurslara başlanılacaq. Təxminən 65 hakimin qatılacağı beynəlxalq kurslarda da eyni qaydalar tətbiq ediləcək.

Fevralın 6-dan 9-dək isə təxminən 68 hakimin qatılacağı kişi idman gimnastikası üzrə hakimlik kursları təşkil ediləcək. Qitələrarası kurslardan fərqli olaraq, beynəlxalq kurslar gimnastikanın hər bir növü üzrə müəyyən sayda keçirilir və burada hakimlikdə ilk addımlarını atan mütəxəssislər də dərəcə qazana bilərlər. Lakin qitələrarası kurslarda daha çox iştirakçı olur. Bu baxımdan burada uğur qazana bilməyən hakimlər statusuna görə qismən aşağı dərəcədə olan beynəlxalq kurslarda özlərini sınaya bilərlər.

Həmin kateqoriyadan