“İnanıram ki, Konya-2021 İslam oyunlarında da uğurlu çıxışı davam etdirəcəyik”

Kişi voleybol millisi Dərnəgüldə yerləşən voleybol mərkəzində hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandanın liberosu Kənan Allahverdiyev toplanışı belə dəyərləndirir:

“İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlığımız davam edir. Bəzi oyunçularımız sonradan bizə qoşuldular. May ayından başlayan toplanışın ilkin mərhələsində demək olar ki, bir ay ərzində əsas diqqət fiziki hazırlığa yönəldi. Hazırda düşərgədə 18 voleybolçu var və zalda toplarla komanda şəklində məşqlər edirik.

Sonuncu İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış etdik və gümüş medalları qazandıq. İnanıram ki, bu dəfə də uğurlu çıxışı davam etdirəcəyik və Vətənə medalla qayıdacağıq. AVRO-2023-ün təsnifat oyunlarına gəlincə, orada güclü komandalarla bir qrupda mübarizə aparacağıq. Buna baxmayaq, meydançaya qələbə üçün çıxacağıq. Bütün gücümüzü meydanda qoyub azarkeşlərimizi sevindirməyi hədəfləmişik”.

Həmin kateqoriyadan