İranlı olimpiya çempionu: Azərbaycanda yaxşı güləşçilər var

Həmid Məhəmməd Sorian. Güləşsevərlərimiz onu yaxşı tanıyırlar. Uzun müddət 55 kq-da öncül olan, indi yunan-Roma millisində ikinci məşqçi işləyən Rövşən Bayramovun təhlükəli rəqibiydi. İranlı bahadırla görüşlər əsasən onun qələbəsi ilə bitirdi. London-2012-də finalda həmyelimizi hər 2 hissədə yenmişdi (2:0, 1:0). Olimpiya qızılından savayı, Həmidin medal boxçasında 6 dünya və 2 Asiya çempionluğu var. Onunla Nur-Sultanda media zonasında rastlaşdım. Allsport.az saytına müsahibəyə imtina etmədi. Orda olan güneyli həmkarım tərcüməçilikdə yardım etdi. Yüksək titullu, hesab fərqində bizdən xeyli üstün olmasına rəğmən, Rövşənin hörmətini saxladı, təvazökarlıq edib aralarındakı mübarizəni bərabər saydı.
Söhbətə özünkülərdən başladım. Hər necə olsa, həm qonşumuzdur, həm də İran güləşdə dünyada aparıcı mövqedədir.

– Bu dünya çempionatı digərlərindən fərqlənir. Çünki ilk 5 yer Tokio olimpiadasına lisenziya verir. İran həmişə öndə olub. İnanıram ki, Tokio olimpiadasında da komandamız öz sözünü deyəcək.

– Xeyli müddərdir karyeranızı bitirmisiniz. İndi nə işlə məşğulsuz?
– İran güləş federasiyasının vitse-prezidentiyəm. Həyatım güləşə bağlıdır. Ayrıla bilmərəm.

– Azərbaycan güləşçilərin çıxışını izlədinizmi?
– Azərbaycanda yaxşı güləşçilər var. Rövşən Bayramovla çox yaxınam. Bir-birimizə qarşı səmimiyik. Fərid Mansurovu da xatırlayıram. Böyük çempiondur.

– Bu yaxınlarda İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin yeni inzibati binası istifadəyə verildi. Həmin toplantıda olimpiya çempionları fəxri lövhədə öz imzalarını çəkdilər. Dəvətlilər sırasında Fərid Mansurov da vardı. Bunu bilirdinizmi?
– Xeyr. Bilmirdim. Bu onun üçün böyük şərəfdir. Həmin etimada layiqdir.

– Çəkinizdə indi dünya arenasında yeni lider var. Bu, azərbaycanlı Eldəniz Əzizlidir. Onu bəyənirsinizmi?
– Gözəl güləşçidir. Təəssüf ki, bu yarışda bürünc medalq azandı. Heyif ondan.

Kamran HACI

Həmin kateqoriyadan