Dünya və qitə çempionu: Yaralı olanda, güləş federasiyası rəhbərinin mənəvi və maddi dəstəyini gördüm

Qarabağın işğal olunan ərazilərinin azad olunması uğrunda döyüşlərdə idmançılarımız da iştirak edir. Allsport.az saytı xəbər verir ki, onlardan biri də gənc sərbəst güləşçilər arasında Avropa çempionu və hərbçilərin dünya çempionu Qalib Əliyevdir. Könüllü olaraq ön cəbhəyə yollanan titullu bahadırımız Xocavənd istiqamətində gedən mücadilədə yaralanıb. Gəncə güləş məktəbinin yetirməsi hazırda Bakıda yerləşən silahlı qüvvələrin baş klinik hospitalında müalicə alır. Şücaətli əsgərimiz yaxın günlərdə hospitalı tərk edərək, yenidən savaşa qatılmaq istəyir:

“Sərbəst güləş yığmamızın tərkibində müxtəlif yarışlarda ölkəmizi təmsil edib, bayrağımızı dalğalandırmışam. Bu mənada daima federasiya rəhbərliyinin yaxından dəstəyini hiss etmişəm. Döyüşlər başlayanda könüllü olaraq cəbhəyə yollandım. Xocavənddə gedən döyüşdə yaralandım. Gözümün və çənəmin altından qəlpə yarası aldım. Noyabrın 5-də Füzulidən Bakıdakı hospitala gətirildim.

Artıq demək olar ki, tam sağalmışam. Həkimlər noyabrın 11-də hospitalı tərk edəcəyimi deyib. Bu xəbəri eşidən kimi, federasiya rəhbərliyi mənimlə maraqlandı. Sağ olsunlar, yanıma nümayəndə də göndərmişdilər. Şəxsən federasiyanın prezident əvəzi Namiq Əliyevin hər cəhətdən maddi və mənəvi dəstəyini gördüm. Ona və bütün federasiyaya təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan