Kanoe və avarçəkmə federasiyasının yeni rəsmi saytı təqdim olundu

Azərbaycan kanoe və avarçəkmə federasiyası dənizkənarı milli park ərazisində yerləşən “Kiçik Venesiya şəhərciyi”ndə mətbuat konfransı təşkil etdi. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, bu il AKAF-ın fəaliyyətini yüksək dəyərləndirdi, 6-7 mayda “Prezident kuboku” beynəlxalq reqatasının əhəmiyyətini xüsusi qeyd etdi, gələcəkdə uğur arzuladı.

Federasiyasının vitse-prezidenti Fərid Əmirov və baş katibi Fərhad Əliyev görülən işlər və gələcək planlardan danışdılar. Qeyd olundu ki, 1 iyun – uşaqların beynəlxalq müdafiəsi günündə keçirilən tədbir zamanı ölkənin müxtəlif regionlarında uşaqlarla mütəmadi olaraq səyyar görüşlər keçiriləcək. Burada əsas məqsəd uşaqlar və yeniyetmələr arasında avarçəkmə idmanına marağı artırmaq və kütləviliyi təmin etməkdir.

1 iyundan etibarən isə bulvar ərazisində “Kiçik Venesiya şəhərciyi”ndə avarçəkmə məşqləri keçiriləcək. Hal-hazırda Bakı Bulvarında dəniz avarçəkməsinin tələblərinə uyğun ərazini müəyyənləşdirmək üçün mütəxəssislər işləyirlər. Yaxın zamanda Bakıda dəniz avarçəkməsinin inkişafına başlanılacaq.

Həmçinin cari il ərzində federasiyanın gördüyü işlər barədə də media nümayəndələrinə məlumat verilib. Bildirilib ki, Federasiyanın rəsmi adı və loqotipi dəyişdirilib. Yanvarın 29-u Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində gənclər gününə həsr edilən “Gənclər kuboku” keçirilib. Koronavirus pandemiyasından sonra baş tutan həmin yarışın təşkilində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq olub. Novruz Bayramı ərəfəsində AKAF işğaldan azad olunmuş torpaqlarımızda idmançıların genişmiqyaslı ilk təlim-məşq toplanışını keçirib.

Toplanışı ölkə prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın şəxsən izləməsi federasiya üçün böyük qürur olması ilə yanaşı, məsuliyyəti də artırıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə ilk beynəlxalq  yarışı da Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası keçirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən “Prezident kuboku-2022 ” beynəlxalq reqatasının ilk günü Suqovuşan su anbarında baş tutub.

Mətbuat konfransı zamanı federasiyasının yeni rəsmi saytı (akaf.az) ictimaiyyətə təqdim olunub. Uşaqların beynəlxalq müdafiəsi günündə baş tutan tədbirin sonunda avarçəkmə qayıqları “Kiçik Venesiya şəhərciyi” ərazisindəki suda nümayiş etdirildi.

Həmin kateqoriyadan