“Komandaların daha uğurlu çıxışı üçün şərait yaradılıb və bunun nəticəsini yenidən görəcəyik”

“Ötən ilin dekabrında bütün yaş qrupları üzrə Azərbaycan çempionatları və birincilikləri keçirildi. Bu yarışın yekuna əsasən yığmaların heyəti müəyyənləşdi. Artıq yeni ilə yenilənmiş komanda ilə start vermişik”. Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan taekvondo federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib. Onun sözünə görə, əsas hədəf idmanın bu növünün daha da inkişafı, bölgələrdə kütləviləşməsi və populyarlaşması ilə yanaşı, iştirak edəcəkləri bütün yarışlarda Azərbaycan adını daim uca tutmaqdır. Ötən il taekvondoçuların 101 medal əldə etdiyini xatırladan dünya çempionu 2023-cü ildən də gözləntilərinin yüksək olduğunu deyib:

“Bu il bizim üçün çox məsuliyyətli bir il olacaq. Çünki qarşıda komandalarımızı mötəbər yarışlar gözləyir. Kişi və qadınlardan ibarət yanvarın 5-dən təlim-məşq toplanışına start veriblər. Turnirlərdə taekvondoçularımız uğurlu iştirak etmək üçün demək olar ki, istirahət etmədən hazırlıqlarını səylə davam etdirirlər. Beynəlxalq yarışlarda mübarizəyə fevral ayından başlayacağıq. Kişilərdən ibarət milli komanda qardaş ölkə Türkiyənin açıq çempionatında, həmçinin İstanbulda təşkil olunacaq “Prezident kuboku”nda iştirak edəcək.

Sumqayıt olimpiya idman kompleksində hazırlıq keçən qadın taekvondoçularımız isə fevralın 10-da toplanışın ilkin mərhələsini bitirəcəklər. Onlar ardınca Cənub Koreyada hazırlığa başlayacaq, sonra bu ölkənin açıq çempionatında güclərini sınayacaqlar. Hədəflərimiz və istəklərimiz yüksəkdir. Çalışırıq ki, həmişə olduğu kimi ölkəmizi layiqincə təmsil edib, daim üçrəngli bayrağımızı yüksəklərdə dalğalandıraq”.

Niyaməddin Paşayevin bildirdiyinə görə, bu il qadın taekvondoçularımızdan yeni uğurlar gözləyirlər. Əvvəllər də Azərbaycan millisində işləmiş Sun Mi Parkın yenidən əsas komandaya baş məşqçi təyin edilməsi məhz bu səbəbdəndir: “İnanıram ki, xanım taekvondoçularımız onun rəhbərliyi altında daha yüksək nəticələr qazanacaqlar. Komandanın daha uğurlu çıxışı üçün lazımı şərait yaradılıb və bu il bunun nəticəsini yenidən görəcəyimizə ümid edirik”.

Həmin kateqoriyadan