Məhəmməd Əliömərov: Rioda güləşçilərimizin bəxti gətirmədi

“Azərbaycan millisinin Rio-2016-da qazandıqları 18 medalın yarısı güləşçilərimizin payına düşür. Bunu yaxşı nəticə kimi dəyərləndirmək olar”. Allsport.az saytı xəbər verir ki, bunu AGF-in vitse-prezidenti Məhəmməd Əliömərov Azərtac-a məxsusi müsahibəsində deyib. O, Rio oyunlarında bəzi ölkələrin ümumiyyətlə medalsız qaldığını deyib:

“Azərbaycan güləşçiləri dördilliyin zirvə yarışını 9 medalla başa vurdular. Olimpiya Oyunlarında mübarizə aparan 206 ölkədən bəziləri güləşçilərimizin qazandıqları medaldan daha az sayda mükafata sahib oldular. London-2012-də güləşçilərimiz 2 qızıl medal qazanmışdılar. Ancaq Rio-de-Janeyroda pəhləvanlarımızın bəxti gətirmədi. Qızıl medala 3 namizədimiz olsa da, onlar gümüş medallarla kifayətlənməli oldular”.

Sərbəst güləşçilərimizin olimpiya oyunlarında çıxışını yüksək qiymətləndirən Məhəmməd Əliömərov bildirib ki, mötəbər yarışa tam heyətlə qatılan idmançılarımız 5 medal qazandılar. Camaləddin Məhəmmədov da medala iddialı idi. Komanda hesabında sərbəst güləş üzrə millimiz yarışı birinci pillədə başa vurdu. Bu, Azərbaycanın güləş tarixində bir ilkdir.

Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan vitse-prezident Rio olimpiadasında qazanılan 18 medalın əvvəlki olimpiadalarla müqayisədə artdığını və bunun arxasında ölkədə aparılan uğurlu idman siyasətinin olduğunu diqqətə çatdırıb: “Azərbaycanda Olimpiya hərəkatı uğurla inkişaf edir. Bütün bunları nəzərə alsaq, millimizin Tokio-2020-də 25 medal qazanacağını proqnozlaşdırmaq olar”.

23-ci Yay Olimpiya Oyunlarının hazırlığına yaxın günlərdə start veriləcəyini diqqətə çatdıran mütəxəssis, Rio-2016-da güləşçilərimizin çıxışının müzakirə ediləcəyini, buraxılan səhvlərin aradan qaldırılması istiqamətində lazımi addımların atılacağını diqqətə çatdırıb.

Həmin kateqoriyadan