“Mənə də xoşdur ki, 17 yaşımda 23-yaşlılar arasında Avropa çempionatında fərqləndim”

Bakı idman sarayında güləş üzrə U-23 qitə çempionatında bu gün qadınlarda 5 çəkidə qaliblər müəyyənləşdi. 59 kq-da Ruzanna Məmmədova bürünc medal görüşündə rumıniyalı rəqibi üzərində 8:0 erkən qələbə qazandı. Qarşılaşmadan sonra o sevincini allsport.az saytı ilə bölüşdü:

“Bu yarışda finala çıxmağı gözləyirdim. Sadəcə, ilk görüşdə təcrübəsizlik üzündən 1 xal fərqini aradan qaldıra bilmədim. Allaha çox şükürlər olsun, ruhdan düşmədim. Öncə təsəlliverici, sonra 3-cü yer uğrunda qarşılaşmada tam üstünlüklə qalib gəldim.

Təbii, mənə də xoşdur ki, 17 yaşımda 23-yaşlılar arasında Avropa çempionatında fərqləndim. Mənim üçün bu bürünc medal böyük qələbədir.

Bundan sonra U-20 qitə birinciliyinə hazırlaşacağıq. Məşqlərdə səhvlərin üzərində işləyib, Allah qoyda, o yarışda vətənə qızıl mükafatla dönəcəyəm.

Bu yaxınlarda İstanbulda keçirilən dünya olimpiya təsnifatına da tam hazır idim. Təəssüf ki, təcrübəsizlik məni geri atdı. Özümdən xeyli yaşda böyük Avropa və dünya çempionları ilə qarşılaşdım. İlk mərhələni keçsəm də, növbətidə yenildim. Qismət, İnşallah, 2028-ci olimpiadasına vəsiqə qazanacağam”.

Həmin kateqoriyadan