Mətbuat şurasında “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimatı

Bu gün Mətbuat şurasında tanınmış idman jurnalistinə həsr olunmuş “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda öncə Vətən uğrunda canından keçmiş övladlarımızın, şəhid media təmsilçilərinin, dünyasını dəyişmiş jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla anılıb. 

Elnur Əşrəf oğlu Şükürov 19 iyun 1974-cü ildə Mingəçevir şəhərində anadan olub. BDU-nun beynəlxalq əlaqələr və beynəlxalq jurnalistika fakültəsini bitirib. 1992-1993-cü illərdə “525-ci qəzet”də müxbir işləyib. 1993-cü ildən 2010-cu ilədək Azərbaycan televiziyasında müxbirlikdən baş redaktorluğa qədər fəaliyyət yolu keçib. 1997-ci ildə Azərbaycan idman jurnalistləri asssosiasiyasının ilk üzvlərindən olub. Yay və qış olimpiya oyunlarında Azərbaycandan təyin olunmuş jurnalist kimi iştirak edib. 

Milli olimpiya komitəsinin üzvü kimi də fəaliyyət göstərmiş mərhum həmkarımız, 2010-cu ildə “Neftçi İdman Klubu”nun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsini tutub. 2011-2012-ci illərdə “Space” TV-də İdman departamentinin rəhbəri olub. 2015-ci ildən həyatını Azərbaycan cüdo federasiyasına bağlayıb. Burada əvvəlcə mətbuat və ictimaiyyətlə əlaqələr fepartamentinin rəhbəri, 2018-ci ildən başlayaraq isə qurumun baş katibinin müavini vəzifələrində çalışıb. O, 2021-ci ilin oktyabrın 19-da COVİD-19 xəstəliyindən dünyasını dəyişib. 

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının redaktoru və ön söz müəllifi professor Qulu Məhərrəmli, tərtibçiləri AMEA-nın Nəsimi adına dilçilik institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Çərkəzqızı və “Neftçi İdman Klubu”nun həkimi İlahə Şükürova, rəyçisi ATV-nin idman informasiya proqramının redaktoru və aparıcısı İlkin Xəlilovdur. Kitabda Elnurun həmkarları, dostları, doğmaları və əzizləri olmaqla, ümumilkdə 30-dan çox şəxsin onun barədə qeydləri, tanınmış jurnalistin həyatının müxtəlif illərinə aid fotolar yer alıb. 

Həmin kateqoriyadan