Mariya Stadnik: Heç vaxt yaponların fövqəl, yenilməz, ilahi gücdə olduqlarını deməmişəm

Qadın güləşimizin əvəzolunmaz öncülü Mariya Stadnik yenə iş başındadır, qələbələri sıralayır. Rio yay olimpiya oyunlarından sonra mərhələli istirahətə çəkilən dünya şöhrətli idmançı, bu mövsüm yenə xalçaya qayıtdı – qatıldığı Avropa çempionatı və bir neçə beynəlxalq yarışda baş mükafata sahibləndi. Önun növbəti hədəfi Macarıstan paytaxtında keçiriləcək dünyanın ən güclülərinin yarışında qalib olmaqdır. Düzdür, başlıca məqsədi tam başqadır: Tokio-2020-yə vəsiqə qazanmaqla, «dördilliklər»də ən çox iştirak edən (4!) Azərbaycan olimpiyaçısı kimi rekord etmək, olimpiadalarda 4 dəfə, özü də ardıcıl, medala yiyələnərək tarix yazmaq, üstəlik, 3 dəfə yaxın olsada, yetişə bilmədiyi zirvəyə yüksəlmək.
Onunla bu dəfə paytaxtda deyil, vətəni Ukraynada söhbətləşdim. Maşa son dövrdə hazırlığı Lvovda, doğma məktəbdə keçir. Amma komanda bu dəfə Odessada olduğundan, görüşümüz orda baş tutdu. Nazim Əlicanovun bizə bəxş etdiyi istedada sonradan burda çox adamlar şərik çıxıb. Onun hesabına pul mükafatlarına, fəxri adlara sahiblənən az deyil. Amma indi ədalət öz yerini tapıb. Şəxsi məşqçisi elə özünkü, ömür-gün yoldaşı Andreydir.

– İndi bizdə tam sürətlə dünya çempionatına hazırlıq gedir. Mən Odessanın kişi və Ukraynanın qadınlardan ibarət komandaları ilə birgə məşq edirəm. Amma şəxsi məşqçimlə fərdi qaydada, Azərbaycan güləşçiləri olmadan. Məşqçilər heyəti sağ olsun, millilinin lideri olduğum üçün mənə bu imkanı verib. Onların proqramı əsasında zamanla yüksək hazırlıq səviyyəsinə gəlirəm. Budapeştdə yaxşı nəticəyə ümidliyəm.

Maşa, 8-qat Avropa çempionusan. Artıq möhtəşəm qələbələrin istiqamətini dünyaya yönəltməyin vaxtı çatmayıbmı?
– Əlbəttə, qitədə qazandığım uğurları dünya çempionatlarında da təkrarlamağı istərdim (gülür). Hər şey Allahın əlindədir. Düzü, bu yarışlara da 1-ci yer uğrunda mübarizə aparıram. Necə olacağını zaman göstərəcək. İstərdim ki, bir neçə qızıl medal da dünya çempionatından olsun.

Asiya oyunlarının finalında Yuki İrieyə hindistanlı Vineş Vineş qalib gəlib. Demək, yaponları hər yerdə udmaq olar.
– Bəli, Asiya oyunlarını izlədim, final görüşünə baxdım. London-2012-də finalda kiçik fərqlə yenildim. Rio olimpiadasında da həmçinin. Necə söyləyim düz çıxsın: çox güman, uğur mənim tərəfimdə deyildi. Bəlkə də göydə ulduzlar anlaşmadılar. Fiziki cəhətdən yaponiyalıdan üstün idim. Niyə belə oldu, bilmirəm. Ola bilsin, talenin hökmü beləymiş. Yəqin, Allahın mənə görə başqa planları var (gülür). Tokio-2020-yə yollanıb arzumu orda gerçəkləşdirim, mənim üçün ən böyük sınaqda, onların öz vətənində.

Sizin çıxış etdiyiniz çəkidə, 50 kqda başqa bir yaponiyalı da var: Yui Susaki. Bu 2 asiyalıdan hansı daha təhlükəlidir?
Əslində, heç vaxt yaponların fövqəl, məğlubedilməz, ilahi gücdə olduqlarını deməmişəm. Mənim üçün hər zaman adi idmançılar olublar. Sadəcə, onların güləşi bir az mənə rahat deyil. Ona görə belə alınır.

Rio olimpiadasından sonra Mariya Stadnik fasilə götürdü. Aydındır, əsas hədəf Tokio-2020-dir, kolelksiyanızda çatışmayan qızıl medal. Amma bu dəfə daha çətin olacaq. Olimpiya oyunları əsas rəqibiniz məkanında keçirilicək. Demək, xüsusi yanaşma, hazırlıq olmalıdır. İndi istiqamət ancaq onların izlənilməsinə yönəlib?
– Bəli, Riodan sonra fasilə götürdüm. Sonra İslam oyunlarında və Avropa çempionatında qalib gəldim. Qərara gəldim ki, psixoloji özümü bir az hazırlayım: güləş üçün, o gərginlik-həyacan üçün darıxım. Şəxsi məşqçimlə fasilə götürdük. Bu üzdən keçən il Parisdə keçirilən dünya çempionatını buraxdım. İndi sürət yığıram. İstəyim çoxdur (gülür). Özümü yaxşı hiss edirəm. Hədəf bəllidir, ancaq Tokioya hazırlaşıram. Prinsip etibarı ilə digər yarışlar bizim üçün xüsusi önəm daşımır. Başlıca vəzifə nə çatışmır, onu qazanmaqdır.

Buna nəzərən, indi özünüzü necə hiss edirsiniz? Artıq çoxlu təcrübə güc var. Yaş da dalana dirənib. Zirvə buradan fəth olunan kimi görünür, yoxsa əvvəlkitək əlçatmaz?
– İndi özümü yüksək ovqatda hiss edirəm. Məşqlərdə çox böyük, təcrübəli olduğumu duyuram. Hərdən fiziki durum çatışmayanda, öz təcrübəmin və hiyləgərliyimin hesabına bunu aradan qaldırıram, bir az cavan və enerjili rəqiblərimə qalib gəlirəm. Cavanlıqda və təcrübədə fərqlilik hiss olunur. Beləliklə, hər şey qaydasındadır.

Söhbətləşdi: Kamran HACI
BakıOdessaBakı

 

Həmin kateqoriyadan