Millimizin məşqçisi: Qısa zamanda çox iş gördük, nəticəsi Avropa çempionatında təsdiq olundu

Rumıniyanın paytaxtı Buxarestdə qitə çempionatında Azərbaycanın qadın güləş millisi 2 qızıl və 1 bürünc medal qazanıb. Mütəxəssislər bu nəticəni yüksək dəyərləndiriblər. Komandanın məşqçisi Ağahüseyn Mustafayev idmançılarımızın çıxışı və qarşıdakı hədəf barədə allsport.az saytına açıqlama verib:

“Bu yarışa yaxşı hazırlanmışdıq. Öncə Şəkidə fiziki, sonra Bakıda döşək üzərində məşqlər oldu. Bu çalışmalarda biz tərəfdən Mariya Stadnik və Alyona Kolesnik yüksək hazırlıq səviyyəsinə çatdırıldılar.

Bunun da nəticəsi olaraq, onlar Avropa çempionatında baş mükafata yiyələndilər. Gənc və perspektivli güləşçimiz Birgül Soltanova 5-ci yer tutdu. Onun parlaq gələcəyi var.

Toğrul Əsgərov ilə 8 aydır qadın yığmasında işləyirik. Qısa zamanda çox iş görüldü. Daha yüksək nəticə üçün zaman lazımdır. Federasiyamız sağ olsun, hazırlıq proqramına uyğun istəklərin hamısını həll etdilər.

Qarşıda paytaxtımızda Avropa və İstanbulda dünya olimpiya təsnifat mərhələləri gözləyir. Bakıda 50 kq-da Mariya Stadnik güləşəcək. O komandamızın şəksiz öndəridir. Digər çəkilər barədə hələ qərar verilməyib”.

Həmin kateqoriyadan