- Baxış sayı: 137
- 05 İyul 2026 12:55
- Baxış sayı: 49
- İyul 05, 2026
- 0

Azərbaycan güləş federasiyasının (AGF) regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Allsport.az saytı xəbər verir ki, bu fəaliyyətin tərkib hissəsi olaraq, 01 noyabr 2025-ci il tarixində Mərkəzi ordu idman klubunun (MOİK) təşəbbüsü ilə Mingəçevir şəhərində yerləşən 18 nömrəli tam orta məktəbdə sərbəst güləş bölməsi yaradılıb.
Klub tərəfindən təyin edilmiş məşqçi-müəllim Anar Bayramovun rəhbərliyi ilə qısa müddət ərzində məşq edən yeniyetmə və gənclərin sayı 100 nəfərə çatıb. Azərbaycan güləş federasiyası tərəfindən güləş xalçası hədiyyə edilən, həmçinin digər zəruri idman avadanlıqları ilə təchiz olunan zal iyulun 4-də rəsmi olaraq istifadəyə verilib.
Açılışda gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, GİN-in idman şöbəsinin müdiri Elnur Məmmədov, MOİK-in rəisi Vüqar Əsgərov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, AGF-nin etika və intizam komitəsinin üzvü Firdovsi Umudov və Mərkəzi Aran bölgəsinin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Güləş zalında yaradılmış şəraitlə tanış olan qonaqlar idmançılarla söhbət edib, onlara öz tövsiyələrini çatdırıblar. Bildirilib ki, Mingəçevir idman potensialı yüksək olan şəhərdir. Burada gələcəkdə idman infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. B zal Mingəçevirdə sərbəst güləşin inkişafına, istedadlı idmançıların yetişməsinə və ölkə güləşinin uğurlarına yeni töhfələrin verilməsinə mühüm zəmin yaradacaq.