Mundialın püşkü atıldı

Bakıda minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. 

Allsport.az xəbər verir ki, tədbirdən öncə Dövlət Himni səsləndirilib. Daha sonra dünya çempionatı ilə bağlı videoçarx nümayiş olunub. Milli komandanın sabiq kapitanı Seymur Məmmədov dünya çempionatının xüsusi dizaynla hazırlanmış kubokunu nümayiş etdirib. 

Püşkatma mərasimində ilk olaraq çıxış edən dünya minifutbol federasiyasının prezidenti Filip Yuda püşkatma mərasiminin möhtəşəm təşkilatçılığına görə öz minnətdarlığını bildirib. O, mundialın da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idmanın bütün növlərinin sevildiyini və minifutbolun çox populyar olduğunu açıqladı. Azərbaycanın böyük idman yarışlarına ev sahibliyi etdiyini deyən nazir minifutbol üzrə dünya çempionatının Azərbaycana həvalə olunmasının təsadüfi olmadığını diqqətə çatdırdı. 

AFFA-nın prezidenti Rövşən Nəcəf isə Azərbaycanda böyük futbolla bərabər minifutbola da marağın getdikcə artdığını xüsusi olaraq qeyd etdi. Onun fikrincə dünya çempionatının Bakıda keçirilməsi bu idman növünü daha da populyarlaşdıracaq. 

Azərbaycan minifutbol federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatının Azərbaycana həvalə edilməsinə görə dünya minifutbol federasiyasının rəhbərliyinə minnətdarlığını bildirdi. O, minifutbol üzrə yığma komandanın Avropa çempionu olduqdan sonra bu idman növünə marağın xeyli artdığını bildirdi. Orxan Məmmədov prezident İlham Əliyevin Avropa çempionatından sonra millinib üzvlərini qəbul etməsini onlara əlavə stimul verdiyini diqqətə çatdıraraq bu amilin dünya çempionatının təşkilatçılığında ciddi rol oynadığını açıqladı.

Daha sonra püşkatma mərasimi başladı. Püşkü çıxaranlar arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, millinin keçmiş kapitanı Rəşad Sadıqov, minifutbol üzrə Azərbaycan millisinin keçmiş kapitanı Seymur Məmmədov, xüsusi olaraq dəvət olunan ulduz futbolçu Luiş Nani də var idi. 

Püşkün nəticələrinə əsasən milli komanda “A” qrupunda mübarizə aparacaq. Buradakı rəqiblər Mavritaniya, Sloveniya və Bəhreyn seçmələri olacaq. 

Minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-nə qədər milli gimnastika arenasında keçiriləcək.

Həmin kateqoriyadan