Nəticə verən böyük məşqçini milli komandadan kim və hansı əsasla uzaqlaşdırdı?

Güləş federasiyasında acınacaqlı durum davam etməkdədir. Nə aylar, artıq illərdir verilməyən maaşlar insanları hövsələdən çıxarıb, ümidsizliyə qapandırıb. Bu azmış kimi, komandalarda işləyən məşqçilər arasında gərginlik də yüksək həddə çatıb. Dünən yazımda yeniyetmə yunan-Roma güləş millisində baş verən pislikləri qeyd etdim. Bu dəfə həmin yaş qrupu üzrə, amma «sərbəstlər»də baş vermiş xoşagəlməzliyə toxunmaq istəyirəm.
Rəhbərliyin qərarına əsasən, böyük məşqçi Əsgərxan Novruzov işindən kənarlaşdırılıb. Onun vəzifəsindən azad olunmasına tutarlı əsas yoxdur. Yunan-Romadan fərqli, yeniyetmə sərbəst güləşçilərdən ibarət milli Avropa və dünya birinciliklərində qızıl medalacan belə qazanıb, üstəlik, Buenos Ayres-2018 yeniyetmələrin olimpiya oyunlarına lisenziyaya yiyələnib.

Gənc mütəxəssis güləş camiyəsində savadlılığı və bacarıqlılığı ilə tanınır. Onun qardaşları da məşqçidirlər, şəxsən tanıyıram. Heç kəs onların qabiliyyətlərinə şübhə etmir. Bəs nə oldu birdən-birə Əsgərxan Novruzov istefaya göndərildi? Allsport.az saytına daxil olan məlumata görə, səbəb vitse-prezident və böyüklərdən ibarət yığmanın baş məşqçisi Firdovsi Umudovla aralarında olan gərginlikdir. Deyilənlərə inansaq, bu durum sonda dava-dalaşa gətirib çıxarıb. İdman ekspertləri mövcüd vəziyyətdə bir məqamla da razılaşmır. Elə mən də, həmçinin. Əsgərxan Novruzovun şəxsi tələbəsi Mahir Əmiraslanovun ötən ilin payızından yoxa çıxmasıdır. O, gənclərin dünya birinciliyinin və Bakı-2017 İslam oyunlarının qalibidir. Keçən il Arazın o tayında keçirilmiş dünya kubokunda 3-cü olub. Yanılmıramsa, son çıxış etdiyi yarış Parisdəki dünya çempionatıdır. Firdovsi Umudov gənclər və idman nazirliyində təşkil edilən mətbuat konfranslarında, o cümlədən öz müsahibələrində, onun istedadlı güləşçi olmasını həmişə qeyd edib.

Necə oldu birdən-birə gənc bahadır millinin düşərgəsində görünmədi? Bu boşluq o zaman mənim diqqətimi çəkmişdi. Amma soruşduqda, dəqiq bilgi verilmirdi. Elə şəxsi məşqçisi də, öz növbəsində. Rəsmi məlumat da yox idi. Güləş federasiyasını cənginə alan dopinqdə, siyahıda onun adı hallanmırdı. Əldə etdiyimiz bilgiyə görə, Mahir Əmiraslanov çıxış etdiyi 57 kq-da Georgi Edişeraşvilinin önünü kəsir. Bu isə müəyyən insanların marağına xidmət etmir. Keçən il Dağıstanın Kaspiysk şəhərində keçirilən Əli Əliyevin xatirə yarışında həmyerlimizin yaşlı legionçuya qalib gələrək, sonda çempion olmasına özüm şahidlik etmişəm. Görünür, gənc pəhləvanın parlaq qələbələri həmin işbazları narahat etməyə başlayıb və bu üzdən min bir bəhanə ilə onu yığmadan kənarlaşdırıblar. Yerli, özü də gənc güləşçini qoyub, gəlmə, üstəlik, yaşlı idmançının üzərində dayanılması nə dərəcədə doğru və ədalətlidir?

Razıyam, Georgi Edişeraşvili təcrübəlidir, 2 dəfə bizdən Avropa çempionu olub, amma bu əsas vermir ki, nəinsə marağına (olimpiya, dünya və qitə çempionatlarında tək medal qazanan idmançılar yox, onun şəxsi məşqçisi də mükafat alır) öz perspektivli güləşçimizi sındırıb məhv etməliyik. Mavi ekran qarşısında Vətən, xalq, dövlət və bayraqdan danışanlar, milliliyi də bir göz önünə gətirsinlər; bu legionçular gəldi-gedərdilər, bizə qalan isə, elə özümüzkülər olacaq. Yerli idmançıların, yerli mütəxəsislərin qədrini bilək! Gəlmələri, son nümunə kimi qadın yığmamızın keçmiş baş məşqçisi Semyon Çteryov timsalında gördük. Maliyyə sıxıntısını bilincə, İslam oyunlarından sonra mükafatını alıb, «istirahətə gedirəm» bəhanəsi ilə aradan çıxdı, heç «çox sağ ol» da demədi…

K.HACI  

Həmin kateqoriyadan