Nəticə verən məşqçi Əfsər Namazəliyevin işdən çıxarılmasında AGF rəhbərliyinin növbəti qərəzi

Güləş federasiyasında qeyri-müəyyənlik hökm sürür. Bütün yaş qrupları üzrə milli komandalarda çalışan məşqçi heyəti və güləşçilərə 2 ilə yaxın, hakimlərə (idarəçilik haqqı), işdən çıxarılan AGF idarə əməkdaşlarına 4 aylıq maaş borcunu hələ də ödənilməyib. Açığı, insanlar artıq buna ümidlərini itiriblər. Bu azmış kimi, özbaşınalıq davam etməkdədir. Hansı məşqçinin o birisindən xoşu gəlmir, vəzifə səlahiyətindən istifadə edib onu işindən çıxardır və ya çıxartdırır. Daha həmin mütəxəssisin verdiyi nəticə, göstərdiyi uğur önəm daşımır, şəxsi münasibət əsas götürülür. Məsələn, vitse-prezident və sərbəst güləş üzrə əsas komandanın baş məşqçisi Firdovsi Umudov yeniyetmərdən ibarət yığmanın böyük məşqçisi Əsgərxan Novruzovdan xoşu gəlmədiyi üçün, yayda onu işindən kənarlaşdırmış və ilin əvvəlində 2-ci dərəcəli beynəlxalq hakimlərimizdən (ona gələcək karyerasında ziyan gəlməməsi üçün ad və soyadını yazmıram) biri fikirli olaraq təsadüfən ona salam vermədiyidən, bir müddət həmin referini yarışlarda idarəçilikdən uzaqlaşdırmışdı. Yeniyetmə yunan-Roma güləşində keçmiş böyük məşqçi Bəhram Mürvətov şəxsi zəmində həmin yaş qrupunda məşqçilər Fuad Alıyevlə İslam Cəfərovla çalışmaqdan imtina etmişdi. Ötən ay da bu növdə kiçik yaşlı yeniyetmələrin məşqçisi Əfsər Namazəliyevi işdən çıxarıblar. Awf-az.org səbəb kimi, onun nöqsanlara yol verdiyini göstərib. Anlamıram, rəhbərlik 19 ay maaş vermədiyi kimsədən nə tələb edə bilər? Mütəxəssisin vəzifə başında son uğuru elə də uzaqda deyil. 15-17 iyunda Macarıstanın Györ şəhərində keçirilən Avropa birinciliyində Elmir Əliyev (52 kq) finalda rusiyalı bahadıra qalib gəlib. Əli Əlizadə (68 kq) 3-cü yer tutub. Belədə, AGF kimdən və nədən narazı olub? Əldə etdiyimiz bilgiyə görə, federasiya ona da son haqq-hesabı ödəməyib. Maraqlıdır, böyük məşqçinin yerinə gələnlər Əbülfət Məmmədov və İlham Vəzirov məvacib alırlarmı, alacaqlarmı? Alacaqlarsa, onda əvvəlkilərinə niyə maaş verilmirdi? Qaranlıq çox məsələ var…

Əfsər Namazəliyevin keçmişinə nəzər salım. O, 1957-ci ildə sentyabrın 7-də Fizuli rayonunun Horadiz kəndində anadan olub. Qardaşı Qurban Qarabağ şəhididir. 1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulub və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – daxili işlər naziri, İsmət Qayıbov – baş prokuroru və digər tanınmış şəxslərlə bərabər, Qurban Namazalıyev də şəhid olublar. Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Əfsər Namazəliyev «klassik» güləşdə əsasən 68 və 74 kq-larda çıxış edib. SSRİ xalqlar spartakiadasında 3-cü yer tutub, hərbçilərin çempionatında 3 dəfə fəxri kürsünün zirvəsinə qalxıb və 10 dəfə respublika çempionluğunu bayram edib. Müstəqilliyimizin ilk qızıl medalçılarındandır. 40 yaşa qədər güləşib. Onunla «klinc» vəziyyətində duruş gətirmək, hətta olimpiya çempionlarına müyəssər olmayıb. Veteranlar arasında 3 dəfə dünya çempionatında qalib gəlib. Respublika dərəcəli hakim kimi fəaliyyət göstərib. Məşqçilik karyerasında da uğurludur. Böyüklərdən ibarət millinin baş məşqçiləri Hüseynağa Ələsgərov və Firudin Qurbanovla işləyib. Yığmada yeniyetmələrdə ağır çəkilər üzrə 2-ci məşqsi işləyib. Komanda onun dövründə ilk dəfə dünya çempionu olub.

2013-16-cı illərdə əsas yığmada iranlı mütəxəssis Cəmşid Xeyrabadinin köməkçisi olub. Şəxsi tələbələri Elvin Mürsəliyev dünya və Avropa çempionatlarının mükafatçısı, Bakı-2015 1-ci Avropa və Bakı-2017 İslam oyunlarının qalibidir. İlkin Ələsgərov 2 dəfə ölkə çempionatında 3-cü yer tutub. Yeniyetmələrin respublika birinciliyində Emin Əlipənahov 2-ci, Ziyad Əkbərov və Camal Əliyev 3-cü yerə çıxıblar. Qazandığı uğurlara görə, “Azərbaycan respublikası prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Ümümən, keçmiş baş katiblər – Əjdər Cəfərov və Rəşad Əlizadədən sonra federasiya yüyəni itirib, hərci-mərclik zirvə həddində çatıb. Yarışlarda yenə hakimlərə kənardakılar təzyiq edirlər. Elə Əfsər Namazəliyev özünə dəfələrlə haqsızlıq edilib, amma bundan danışan olmayıb – federasiya bu barədə heç bir tədbir görməyib. Əldə etdiyimiz məlumata əsasən, onun fotosunun awf-az.org-da «məşqçilər» bölməsində yerləşdirilməməsinin səbəbini soruşduqda, məşqçilərdən, güləşçilərdən və jurnalistlərdən daim xərac istəyən (bu qanunsuzluca görə ondan heç vaxt rəsmi nöqsan tutulmayıb) keçmiş mətbuat katibi Mayis Musayevin cavabı gözlənilən olub: Avropa və İslam oyunlarında aldığı mükafatdan ona «şirinlik» verməməsi.

20 ilə yaxın Elvin Mürsəliyevə şəxsi məşqçilik etmiş Əfsər Namazəliyev Bakı-2017 İslam oyunlarında tələbəsinin uğuru müqabilində dövlətdən mükafat alıb. Amma ilin sonunda titullu idmançının şəxsi məşqçisi Rövşən Bayramov göstərilib. Halbuki olimpiya oyunlarının 2-qat gümüş mükafatçısı və dünya çempionu Rio-2016-dan sonra karyerasını başa vuraraq, elə həmin il məşqçiliyə başlayıb. Belədə, bir il ərzində hazır idmançı necə yeni gələnin şəxsi məşqçisi ola bilər? Aydın məsələdir ki, federasiyada olan qara qüvvələr bu şəxslərin arasına giriblər. Çünki zamanında Rövşən Bayramov özü bundan əziyyət çəkib – ona dəstək verən, himayədarlıq edən şəxsi məşqçisi Hicran Şərifovdan imtina etmiş və əldən-ələ keçmişdi. Vəziyyət onu göstərir ki, bu gedişlə Güləş federasiyasını heç də yaxşı bir şey gözləmir. AGF hər an dağılmaq təhlükəsi ilə üz-üzədir. Budapeştdə keçiriləcək dünya çempionatında arzuolunmaz uğursuzluq bunun təməlini qoyacaq və Tokio-2020-nin nəticələri illərdir yığılıb qalan problemləri birdən çözəcək. Amma ona qədər federasiyanı keşməkeşli yol gözləyir. Aylardır maaşlarını ala bilməyənlər aidiyyatı qurumlara üz tutaraq, son haqq-hesablarını tələb edirlər. AGF isə, hələ borcları tam ödəmək gücündə deyil.

Kamran HACI

Həmin kateqoriyadan