Namiq Əliyev Dünya güləş birliyinin iclasında nəyi müzakirə edib?

Bu gün Dünya güləş birliyinin icraiyyə komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, onlayn qaydada baş tutan iclasda AGF-in rəhbəri, UWW-nin büro üzvü Namiq Əliyev də iştirak edib. Bir neçə saat davam edən iclası giriş nitqiylə açan ali qurumun prezidenti Nenad Laloviç tədbir iştirakçılarını salamladıqdan sonra pandemiyaya görə yaranmış vəziyyətə toxunub və yarışları bərpa edən ilk beynəlxalq federasiyalardan biri olmaq üçün çalışdıqlarını dilə gətirib.
İclasda bir çox məsələlər, müxtəlif yarışlar, o cümlədən gələn il keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası müzakirə olunub.

2022-ci ildə Dakarda baş tutacaq yeniyetmələrin olimpiadasının proqramında yunan-Roma güləşinin yer almayacağı, sərbəst və qadın güləşinin 5 çəkidə təmsil diqqətə çatdırılıb. Bundan əlavə, ilk dəfə çimərlik güləşi olimpiya növü kimi təsdiqlənib. Dakardakı oyunlarda güləşin bu növündə sərbəst və qadın güləşi üzrə 4 çəkidə mübarizə baş tutacaq. İclasda, həmçinin icraiyyə komitəsinə yeni namizədlər də təqdim olunub.

Sözsüz ki, maraqla gözlənilən məqam təxirə salınan və qarşıdan gələn yarışların təqvimi ilə bağlı çıxarılacaq qərar idi. Bildiyiniz kimi, UWW daha öncə pandemiya ilə əlaqədar bütün beynəlxalq yarışları iyulun 1-dək təxirə salmışdı. Yeni qərarla bu müddət avqustun 31-dək uzadılıb. 15 yaşadək güləşçilərin qitə birinciliyi və veteranların dünya çempionatının risk ehtimalı nəzərə alınmaqla, bu il keçirilməməsinə qərar verilib. Yeniyetmələr, gənclər və 23 yaşadək gənclər arasında analoji yarışlar üçün sentyabrın 1-dən oktyabrın əvvəlinədək keçirilmə müddəti müəyyənləşdirilib. Yeniyetmələrin dünya çempionatı da bu il keçirilməyəcək. Buna səbəb payızda məktəblərdə yeni tədris ilinin başlanmasıdır. Gənclərin mundialının oktyabrda, 23 yaşadək gənclərin analoji yarışının isə noyabrda keçirilməsi planlaşdırılır.

Bu il böyüklərin dünya çempionatının da təşkil olunmaq ehtimalı var. Son vəziyyət təhlil ediləcək və şərait uyğun olsa, dekabrda mundial baş tutacaq.
Bundan başqa, 2022-ci ildə U-23 dünya çempionatını keçirmək üçün iki şəhərin namizədliyi təsdiqlənib. Bunlar Xorvatiyanın paytaxtı Zaqreb və İspaniyanın Pontevedra şəhərləridir. Qeyd edək ki, bu il keçirilməsi nəzərdə tutulan yarışlarla bağlı yekun qərar avqustun əvvəllərində UWW-nin növbət iclasında veriləcək.

Həmin kateqoriyadan