Namiq Əliyev dünya güləş birliyinin konfransında iştirak etdi

Serbiyanın paytaxtı Belqradda dünya güləş birliyinin növbəti konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 23 yaşadək güləşçilərin dünya çempionatına 1 gün qalmış baş tutan ənənəvi tədbirdə qurumun büro üzvü, Azərbaycan güləş federasiyasının prezident əvəzi Namiq Əliyev də iştirak edib.

Son 4 ilin hesabatı haqqında danışan UWW-nin prezidenti Nenad Laloviç üzləşdikləri problemləri qabardıb: “Pandemiya ilə əlaqədar yaranmış problemləri həll etmək üçün çoxlu müzakirəmiz və iclasımız baş tutdu. Mən başa düşürəm ki, yerli federasiyalar bu durumdan necə əziyyət çəkib. Yarışların keçirilməsi, səfərlərin təşkili və maliyyə ilə bağlı problemlər var idi. Hətta mayda belə Tokio-2020 yay olimpiya oyunlarının və dünya çempionatının keçiriləcəyindən əmin deyildik. Bu çətin vəziyyətdə işini uğurla icra edən tibbi heyətə də təşəkkürümü bildirirəm”.

Laloviç Tokio olimpiadasının yaxşı keçdiyini bildirib: “Tokioda güləşçilər fantastik görüşlər keçirdi. Yeniyetmələr, gənclər və böyüklər arasında dünya çempionatlarının təşkilatçılığına görə Macarıstan, Rusiya və Norveç güləş federasiyasına minnətdaram. Etiraf edim ki, 1 ay əvvəl U-23 dünya çempionatını təxirə salmaq barədə fikirləşirdim. Çünki Serbiyada gündəlik koronavirusa yoluxma sayı xeyli artmışdı. Təşkilatçılar və yerli federasiya ilə müzakirələr apardıq. Yekunda yarışı keçirmək mümkün oldu”.

Daha sonra ali qurumun tabeliyində olan komissiyaların rəhbərləri çıxış edərək hesabat veriblər.

Həmin kateqoriyadan