Namiq Əliyev: Məşqçi heyətində də dəyişikliklər planlaşdırılır

Cari ildə idmanın digər növlərində olduğu kimi, güləşdə də mühüm uğurlar var. Allsport.az saytı xəbər verir ki, bahadırlarımız beynəlxalq arenada dəfələrlə üçrəngli bayrağımızı dalğalandırıb və himnimizi səsləndiriblər. Güləş federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyev bu il keçirilən turnirlərdəki çıxışlarının yekunları ilə bağlı Azərtac.az-ın müxbirinin suallarını cavablandırıb.

– Namiq müəllim, güləşçilərimizin dünya çempionatında çıxışını necə qiymətləndirirsiniz?
– Güləşçilərimizin dünya çempionatında iştirakından razı qaldım. Ancaq müəyyən subyektiv və obyektiv səbəblər bu turnirdə öz sözünü dedi. Dünya çempionatında gənclərin ilk dəfə çıxış etməsi çox çətindir. Güləşçilərimiz maraqlı və inadla mübarizə apardılar. Bunu təkcə biz deyil, Dünya Güləş Birliyinin və ayrı-ayrı ölkələrin federasiyalarının nümayəndələri də etiraf etdilər. Onlar mütəxəssis kimi, idmançılarımızın çıxışlarını yüksək qiymətləndirdilər. Bütün bunlar bizdə gənclərimizin gələcək yarışlarda uğurla çıxış edəcəklərinə inam yaradır.

– Güləşçilərimizin cari ildə çıxışı barədə nə deyə bilərsiniz?
– Cari ildə güləşçilərimiz Avropa çempionatında uğurla çıxış ediblər. Komandamız 14 medal qazanıb. Nəzərə alsaq ki, çempionat güləş ənənələrinin güclü olduğu, dünya güləş tarixinə adlı-sanlı pəhləvanlar bəxş edən Dağıstanda təşkil olunmuşdu, 14 medal qazanmaq əla göstəricidir. Güləşçilərimizin əksəriyyəti finalda Dağıstan idmançıları ilə qarşılaşdılar və görüşlərini qələbə ilə başa vurdular. Sonuncu dünya çempionatında isə beş medal əldə olunub.
Dünya çempionatında qazanılan hər bir medal çox önəmlidir. Dünya çempionatı olimpiya oyunları səviyyəsində turnirdir. Komandamızın hər bir turnirdə çıxışı Olimpiadaya hazırlıq xarakteri daşıyır. Ümumiyyətlə, cari ildə güləşçilərimizin çıxışını qənaətbəxş hesab etmək olar.

– Güləş Avropa yeniyetmələrinin olimpiya festivalının idman proqramına daxil edilib. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı?
– Güləşin gələn il Bakıda keçiriləcək Avropa yeniyetmələrinin olimpiya festivalının idman proqramına salınması bizi çox sevindirir. On doqquzuncu dəfə təşkil olunacaq bu festivalın tarixində güləş heç vaxt proqrama salınmayıb. İlk dəfə olaraq, biz Dünya Güləş Birliyinə müraciət etdik və məsələ müsbət həllini tapdı. Artıq Avropa Olimpiya Komitəsi də razılığını bildirib.

– “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq necə gedir?
– Əsas hədəfimiz Tokio 2020-dir. Milli komandamızın üzvlərinin beynəlxalq turnirlərdə çıxışı olimpiadaya hazırlıq kimi dəyərləndirilir. Gələn il çəki dərəcələri üzrə hədəflərimizi müəyyənləşdirəcəyik. Bəzi çətinliklər yaranıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi idmançıların sayını azaldıb. Əvvəllər hər çəki dərəcəsində 21 idmançı lisenziya ala bilirdi. İndi bu rəqəm 16-ya endirilib və nəticədə iştirakçıların sayı 30 faizədək azalıb.
Tokio Olimpiadasında, həmçinin yenilik tətbiq olunacaq. Qalib komanda medalla mükafatlandırılacaq. Əgər bu yenilik ötən Olimpiadada tətbiq olunsaydı, sərbəst güləş üzrə millimiz fərqlənərdi. Çalışmaq lazımdır ki, bütün komanda mübarizə aparsın.

Güləşçilərimiz üçün hər cür şərait yaradılıb. Hazırlıqlar yüksək səviyyədə gedir. Yeni planlarımız var, əsas da qadın güləşçilərimizlə bağlı. Komandamızın lideri Mariya Stadnik ilə söhbətimiz oldu. Qadın güləşçilərimizi Yaponiyaya təlim-məşq toplanışına göndərmək istəyirik. Bakıda Olimpiadaya lisenziya qazandıran turnir keçirməyi planlaşdırırıq. Bu, bizim üçün daha maraqlı olacaq. Azərbaycan Güləş Federasiyası məmnuniyyətlə belə yarışı keçirməyə hazırdır. Əcnəbi idmançılar ölkəmizdə təşkil olunan yarışlarda həvəslə iştirak edirlər. Beynəlxalq idman qurumları ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etmək bacarığına bələddir. Cari ildə Macarıstanda təşkil edilən güləş üzrə dünya çempionatı zamanı nümayəndə heyətləri Bakının ev sahibliyi etdiyi cüdo üzrə mundialın daha yüksək səviyyədə təşkil olunduğunu etiraf edirdilər. Növbəti ildə bir neçə beynəlxalq turniri ölkəmizdə təşkil etmək istəyirik. Həmçinin bir neçə yığma komandanın ölkəmizdə təlim-məşq toplanışı nəzərdə tutulub. Bu istiqamətdə ehtiyatlı olmaq lazımdır. Çünki burada bizim texnikanı rəqib komandalar öyrənib, özümüzə qarşı tətbiq edirlər. Məşqçi heyətində də dəyişikliklər planlaşdırılır.

Həmin kateqoriyadan