Namiq Abdullayev: “Bu uğuru qaralamaq olmaz”

Tokio-2020-də iştirak edən Azərbaycan güləşçiləri bu gün Vətənə qayıdıblar. Allsport.az saytı xəbər verir ki, olimpiadada medal qazanan idmançılarımızı Heydər Əliyev beynəlxalq aeroportunda onların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri gül-çiçəklə qarşılayıblar.

Qazanılan 7 medaldan 3-ü güləşçilərin payına düşüb. Beləliklə, güləş növbəti dəfə oyunlarında ən çox medal qazanan idman növü olub. Sərbəst güləş millimizin baş məşqçisi Namiq Abdullayev təəssüratı belə olub:

“Ali baş komandan İlham Əliyevin qayğısı nəticəsində neçə illərdir idmançılarımız bayrağımızı müxtəlif yarışlarda yüksəklərə qaldırırlar. Tokioda idmançılarımız 7 medal qazandı. Zəhməti olan hər kəsə təşəkkürümüzü bildiririk. Milli olimpiya komitəsi, gənclər və idman nazirliyi, xüsusən də, Azərbaycan güləş federasiyasının prezidenti Namiq Əliyev, federasiya nümayəndələri beş il ərzində qayğı göstərib, bizə dayaq olublar.

Nazirlər kabineti yanında operativ qərargaha müraciət olunmuşdu. İdmançılarımız qapalı şəraitdə məşq edə bilmirdilər, çətinliklərimiz var idi. Lakin sonradan bizə icazə verildi, olimpiadaya lisenziya qazanan idmançılarımız qapalı şəkildə hazırlaşdılar, beynəlxalq turnirlərə, lisenziya xarakterli yarışlara qatıldılar.

2-ci Vətən müharibəsində iştirak edən idmançılarımız da var idi. Bütün bunların da təsiri oldu. Qazanılan medallara görə bütün xalqımızı təbrik edirəm. Bu uğuru qaralamaq olmaz, çünki xalqımız buna sevinir. Unutmayaq ki, bəzi ölkələr olimpiadada medalsız qaldılar. Azərbaycan millisi Tokio-2020-də 67-ci yeri tutdusa, Ermənistan 69-cu oldu”.

Həmin kateqoriyadan