Nazim Əlicanov – 50! Yubilyarın şərəfli idman yolu

Güləş bu günün nəzər-nöqtəsindən sadəcə bir idman növüdür. Lakin tarixi ən qədim dövrlərə gedib çıxan bu növ, əslində, köklü ictimai-sosial hadisədir. Çünki əvvəlcə ümumi, daha sonra milli-mental libaslı mürəkkəb mədəni-sosial dəyərləri olan cəmiyyətləri quranadək insanın ən ümdə vəzifəsi özünü təsdiq etmək olub.

Bu gün gənc sərbəst güləş yığmamızın məşqçisi Nazim Əlicanovun doğum günüdür. Onun şad günü gənclər idman nazirliyinin yaranması ilə eyni günə düşür. Mütəxəssis 50-illiyini qeyd edir. O, 26 iyul 1970-ci ildə Qaxda anadan olub. 1984-1987-ci illərdə isə Bakı şəhərində Respublika idman təməyüllü internat məktəbində orta təhsil alıb. 1991-ci ildə Azərbaycan dövlət bədən tərbiyəsi institutunu və 2005-ci ildə “Təfəkkür” universitetini bitirib. 1991-ci ildə Azərbaycan respublikası daxili işlər nazirliyinin daxili qoşunlarında hərbi xidmətə çağırılıb.

Nazimin idmançı karyerası zəngin olub. 2002-ci ildə Bakıda təşkil olunmuş Avropa çempionatında 1-ci yer tutdu. Onunla tanışlığım elə həmin dönəmə təsadüf etdi. Heydər Əliyev adına idman sarayı ağzınacan doluydu. Uğura ac olan idmansevərlər güləşçilərimin çıxışını diqqətlə izləyir, onları qələbəyə səsləyirdilər. Arenada alqış və dəstək də bir dəqiqə olsun ara vermirdi. Qalib idmançını gecə çöldə yüzlərlə azarkeş gözləyirdi. Təsadüfən onların arasında xalamoğlu Səidlə rastlaşdım. Tələbəydi, yoldaşları ilə gəlmişdi. Üzərində iri çələng olan triumvirlə fotosunu özüm çəkdim. Nazimi əhatəyə alanlar onu buraxmaq istəmirdilkər. O dövr üçün böyük uğur idi.

Əlicanov 2 il sonra paytaxtımızda keçirilmiş dünya kubokunda da gözəl çıxış etdi. 60-kq-da qarşılaşdığı bütün rəqibləri yendi. Yekunda güclü komandamız baş mükafatı qazandı. MOİK-in təmsilçisi olan Nazim həm də hərbçilərin olimpiya və dünya çempionudur.

Yubilyar idmançı karyerasını başa vurduqdan sonra, məşqçiliyə başlayıb. Bir müddət “sərbəstlər”lə işləyib. 2006-cı ilin sonunda AGF-də baş verən dəyişiklik onun da karyerasında yeni səhifə açıb. Nazim müəllimə qadın millisi tapşırılır. Baş məşqçinin ilk işi yığmaya perspektivli idmançılar cəlb etmək idi. Bu axtarışla o Ukraynaya üz tutub. Azərbaycan güləşinin uzun müddət əvəzolunmaz öncülü Mariya Stadniklə tanışlıq da ordan başlayıb. Həmin vaxt yeniyetmə Maşa dopinqdə “ilişərək” baxımsız qalmışdı. Ona yaxın duran yox idi. Güləşçidə özəl istedadın olmasını görən baş məşqçi onu komandaya cəlb etdi. Ölkə içi ona güləşdiyi dönəmdə millidə komandada yoldaşları yardımçı olurdu: yeniyetmə qızlar, o cümlədən, cüdoda kənarda qalan yığma üzvləri yeni ailənin tərkib hissəsinə çevrildilər. 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatında medal olmasa da, komanda Pekin olimpiadasına 4 mümkün lisenziyadan 3-ünü qazandı. Bu, böyük göstərici idi!

Sonra Əlicanov yeniyetmələrlə də çalışmağa başladı. 2014-2015-ci illərdə baş, 2015-2017-ci illərdə yenidən qadınlarda böyük məşqçi oldu. Ötən il çimərlik güləşi yığmasında baş məşqçi təyin olundu. Komandası yeni yaranmasına rəğmən, uğurlu nəticələr göstərdi, dünya çimərlik oyunlarının final mərhələsində çıxış etdi.
Avropa çempionatının 2-qat finalçısı Ağahüseyn Mustafayev və gənclərdə Əşrəf Aşırovla Məmməd Əhmədov onun tələbələridir. Nailiyyətlərinə görə “Tərəqqi” medalı və fəxri diplomla təltif olunub. Yubilyara can sağlığı, uzun ömür, karyerasında yeni uğurlar arzulayıram!

Kamran HACI

Həmin kateqoriyadan