Nurəddin Rəcəbov: “Bir çox komandalar bizimlə təlim-məşq keçmək istəyir”

U-20 Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, İspaniyada tarixi uğura imza ataraq 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edən və 144 xalla komanda hesabında Avropa çempionu olan yığmanı Heydər Əliyev beynəlxalq aeroportunda gənclər və idman nazirliyinin, Azərbaycan güləş federasiyasının rəsmiləri, məşqçilər, idmançılar, güləşçilərin ailə üzvləri qarşılayıb.

Millinin böyük məşqçisi Nurəddin Rəcəbov, yarışla bağlı belə deyib:

“İlk dəfə gənclər arasında komanda hesabında Avropa çempionu olduq. Bu uğurda payı olan hər kəsi təbrik edirəm. Təbii ki, daha yaxşı nəticə qazana bilərdik. Bəzi çəkilərdə məyus olduq. Əsas odur ki, bu yarışda 3 dəfə – iki fərdi qızıla və komanda olaraq çempionluq əldə etdiyimiz üçün himnimiz səsləndi. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Qazaxıstanda yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Avropa komandalarıyla birgə hazırlıq keçəndə rəqib olduqları üçün bütün güclə məşq etmək olmur. Bu baxımdan Asiya ölkəsini seçdik və bunun da faydasını gördük. Heyətimiz yenidən qurulsa da, məşqçilərlə birgə fəaliyyət nəticəsində belə uğur qazana bildik. Potensiallı idmançılarımız çoxdur. İnanıram ki, bu uşaqlar arasından olimpiya medalçıları da çıxacaq. Dünya çempionatına qədər 2 toplanış – fiziki və taktiki-texniki hazırlıq prosesi nəzərdə tutulub. Bir çox komandalar bizimlə birgə təlim-məşq prosesi keçmək istəyir. Bu barədə fikirləşəcəyik”.

AÇ-də Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fəraim Mustafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.

Həmin kateqoriyadan